Nazir: “Bütün bunlar onun üçündür ki, Azərbaycan gənci üçün təhsil əlçatan olsun”

“Ölkədə həyata keçirilən məktəb quruculuğu sayəsində məktəblərin siması dəyişib. Cənab Prezident İlham Əliyev yalnız son həftə ərzində Bakıda və regionlarda məktəb quruculuğunun davam edəcəyini göstərən 3 sərəncam imzalayıb”.

 

Bunu Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən “Son zəng”də təhsil naziri Ceyhun Bayramov deyib.

 

Nazir vurğulayıb ki, son illər ərzində ölkə prezidentinin göstərişi ilə həyata keçirilən işlər sadəcə orta məktəbləri əhatə etməyib. Ali təhsil pilləsində də çoxlu yeniliklər var: “Yeni nəsil universitetlər yaradılıb, aparıcı beynəlxalq universitetlərin filialları açılıb, dünyanın qabaqcıl universitetləri ilə Azərbaycan universitetlərinin ikili diplom proqramları təsis edilib”.

 

Tələbələrin sosial rifahına təsir edən qərarlara da toxunan nazir, sadəcə bu il ərzində təhsilin müxtəlif pillələrində təhsil alan 110 mindən artıq tələbənin təqaüdünün artırıldığını deyib: “Təqaüd alan tələbələrin sayı təkcə bu il ərzində 16 min artırılıb. Dövlət hesabına təhsilini davam etdirmək imkanı 66 faiz artıb. Bütün bunlar onun üçündür ki, Azərbaycan gənci üçün təhsil əlçatan olsun”.



14.06.2019 | 12:45