Kollecin şəhid məzunu anılıb

İyunun 14-də Bakı Dövlət İqtisad Kollecində təhsil müəssisəsinin məzunu Qarabağ döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək həlak olmuş şəhid Araz Pirimovun anadan olmasının 50 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə kollecin müəllim-tələbə kollektivi ilə yanaşı, təhsil işçiləri, yazıçı-publisistlər, şəhidin ailə üzvləri, döyüş yoldaşları və digər şəxslər iştirak edib.       

 

Öncə iştirakçılar şəhid Araz Pirimovun xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan kollecin direktoru Vidadi Orucov tarix boyu xalqımızın başına gətirilən erməni vəhşiliyindən söz açıb. Ermənilərin məkrli siyasətinə, torpaq iddialarına qarşı Azərbaycanın mərd oğullarının mübarizəsindən danışan kollec direktoru belə oğullardan birinin də Araz Pirimov olduğunu deyib. Bildirib ki, Araz ölkəmizin ən çətin anlarında vətəndaşlıq nümunəsi göstərərək vətənin müdafiəsinə qatılıb. Dövlətimizin müstəqilliyinin şəhidlərimizin qanı bahasına başa gəldiyini deyən V.Orucov Araz kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, gələcək nəsillərə örnək olacağını vurğulayıb.

 

Tədbirdə Araz Pirimovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, Araz Əhməd oğlu Pirimov 1969-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub. Arazgil ailədə 7 uşaq olub və Araz ailənin 4-cü övladı idi. 1975-ci ildə Gülablı kənd tam orta məktəbinin birinci sinfinə daxil olan Araz 1985-ci ildə elə həmin məktəbdən məzun olub. 1987-89-cu illərdə Almaniyada keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Bakı Plan İqtisad Texnikomuna (indiki Bakı Dövlət İqtisad Kolleci) daxil olub. Tələbəlik illəri Qarabağ müharibəsi zamanına rast gəldiyi üçün təhsilini yarımçıq qoyan Araz doğma torpaqların müdafiəsinə qoşulub. Müharibə zamanı yüksək döyüş bacarığı və qəhrəmanlıqları ilə yaddaqalan Araz 1992-ci il iyunun 13-də qəhrəmancasına şəhid olub.  

 

 Anım mərasimində yazıçı Şöhrət Səlimbəylinin Araz Pirimova həsr etdiyi “Son kəşfiyyat, son döyüş” kitabının da təqdimatı olub.

 

Yazıçı Şöhrət Səlimbəyli tədbirdə çıxış edərək Qarabağ müharibəsindən, bu müharibə zamanı baş verən proseslərdən söhbət açıb. Kitab haqqında da öz fikirlərini iştirakçılarla bölüşən yazıçı nəşrdə Arazın uşaqlıq illərindən tutmuş şəhid olduğu dövrə qədərki həyatında baş verən mühüm hadisələrin yer aldığını diqqətə çatdırıb. Kitabda həmçinin Arazın ailə üzvlərinin, döyüş yoldaşlarının və onu yaxından tanıyan şəxslərin xatirələrinin yer aldığını deyib. Yazıçı onu da qeyd edib ki, kitabda Arazla yanaşı eyni zamanda şəhidin böyüyüb boya-başa çatdığı Ağdam rayonunun Gülablı kəndinin, qonşu Abdal kəndinin şəhidləri haqqında da məlumat verilib.

 

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin üzvi, Əməkdar müəllim Əyyub Şuşalı şəhid Araz Pirimovun həyatı və döyüş yolu ilə yaxından tanış olduğunu və çox təsirləndiyini deyib. Araz Pirimovun sönməz xatirəsinə həsr olunan “Heykəllər ucalacaq” şeirinin müəllifi olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən təhsil işçiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları Arazın qəlbində sonsuz bir vətən sevgisi olduğunu, bunun üçün canından belə keçdiyini deyib.

 

Anım mərasimində şəhidlərin, Araz Pirimovun xatirəsinə şeirlər səsləndirilib.

          

  Niyazi Rəhimov

       



14.06.2019 | 17:50