ADPU-nun tələbələri mükafatlandırılıblar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin lektoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, riyaziyyat, informatika, fizika, kimya, biologiya, psixologiya üzrə olimpiadaların və təsviri incəsənət, musiqi üzrə müsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Rektor Cəfər Cəfərov bildirib ki, rəqabət mühitinin yaradılması tələbələrin daha çox öz üzərlərində çalışmalarına, bilik və bacarıqlarının yüksəlməsinə, təhsildə və elmdə irəliləmələrinə motivasiya yaradır, həmçinin də stimullaşdırır. Bu gün uğur qazanan hər bir tələbə gələcəkdə böyük qürur hissi ilə keçmiş uğurlarından öz yetirmələrinə, övladlarına danışacaq. Onun sözlərinə görə, artıq Pedaqoji Universitetdə adlı təqaüdər təsis edilib və cari ildən bu ada layiq görülən tələbələr dövlətin verdiyi təqaüddən əlavə universitetin təsis etdiyi adlı təqaüdləri də alacaqlar. Professor əlavə edib ki, Pedaqoji Universitetin tələbələri bir çox müsabiqə və layihələrdə də həmişə yüksək nəticələr göstərərək universitetin adını ucaldırlar. Mayın 25-də Bakı Konqres Mərkəzində təşkil edilən “Enactus Azərbaycan” yarışmasında ADPU-nun “Enactus” komandasının Azərbaycanın 14 güclü komandası arasından finala yüksələrək 4-cü yerə layiq görülməsi böyük uğurdur. “Bir neçə gün öncə universitetdə baş tutan “Startap Azərbaycan” müsabiqəsi çərçivəsində tələbələrimizin böyük yarışma mədəniyyətinin, biznes ideyaları vermək qabiliyyətlərinin, layihə təqdim etmək bacarıqlarının şahidi olduq. Həmin tələbələr universitetimizin minlərlə tələbəsi arasından fərqlənərək irəli çıxmağı bacarıblar və buna görə də qiymətli hədiyyələrlə, diplom və sertifikatlarla təltif olunublar”, - deyə C.Cəfərov bildirib.

 

Rektor olimpiada və müsabiqə qaliblərini, qalibləri yetişdirən, hazırlayan professor-müəllim heyətini təbrik edib.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş iki turdan ibarət olimpiada və müsabiqələrin təşkil edilməsindən, keçirilmə və qiymətləndirmə forması haqqında məlumat verərək, qaliblərə istiqamətlər üzrə I, II və III dərəcəli diplom və hədiyyələrin təqdim olunacağını bildirib.

 

Qeyd edilib ki, ümumilikdə olimpiada və müsabiqələrdə ADPU üzrə iştirak edən 1364 nəfər tələbədən 85 nəfər tələbə ikinci turda iştirak etmək hüququ qazanıb və onlardan 30 nəfər tələbə 1-ci, 2-ci və 3-cü yer nominasiyaları üzrə qalib gəliblər.

 

Təqdimetmə mərasimində fakültə dekanları tərəfindən III dərəcəli, prorektorlar tərəfindən II dərəcəli, rektor C.Cəfərov tərəfindən I dərəcəli diplomlar və hədiyyələr qaliblərə təqdim edilib. 

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək olimpiada və müsabiqələrin əhəmiyyətindən danışaraq qalib tələbələri təbrik ediblər.

 

Qalib tələbələr sevinclərini bölüşərək belə bir şəraiti yaratdığına görə ADPU-nun rəhbərliyinə, fakültə dekanlarına və müəllimlərinə minnətdarlıqlarını bildiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.

 



18.06.2019 | 13:09