ADA Universitetində IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb

İyunun 19-da  ADA Universitetində ikigünlük   "İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər" mövzusunda  IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.  ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən konfransda Təhsil Nazirliyi və  ADA Universitetinin rəhbər heyəti, respublika təhsil ictimaiyyətinin nümayəndələri,  ali məktəb rektorları, bir sıra beynəlxalq təşkilatların  təmsilçiləri  iştirak edib.  Tədbiri  ali məktəbin akademik  işlər üzrə prorektoru Vəfa Kazdal açaraq  konfransın məqsədi, əsas hədəfləri, əhəmiyyəti barədə məlumat verib.
   

V.Kazdal ADA Təhsil İnstitutunun fəaliyyəti və təşəbbüskarı olduğu bir sıra beynəlxalq tədbirlər barədə  məlumat verərək IV konfransın daha geniş səviyyəli olduğunu bildirib. Onun sözlərinə görə, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat  işi  göndərilib.   Konfransın həm ümumi,  həm də konkret  məqsədlərinin olduğunu diqqətə çatdıran  V.Kazdal qeyd edib ki, ümumi məqsəd  gənclərdə təhsil  sahəsində aparılan tədqiqatlara marağı  artırmaq,   tədqiqatlara  sövq etməkdir.  Əsas hədəflərdən biri  xüsusilə də yerli və  beynəlxalq təcrübəni  bir araya gətirməkdir.  Ümumi məqsəd ondan ibarətdir ki,   Təhsil Nazirliyinin təhsil sahəsində həyata keçirdiyi strategiya xəttinə paralel olaraq  tədqiqata olan marağı artırmaq və ölkəmizdə tədqiqatın səviyyəsini  beynəlxalq səviyyəyə çatdırmaqdır.  Çıxışının sonunda V.Kazdal təhsil konfransının keçirilməsində Təhsil Nazirliyinin dəstəyinin mühüm rol oynadığını qeyd edib.

    

Daha sonra çıxış edən ADA Universitetinin  rektoru, professor Hafiz Paşayev  konfrans iştirakçılarını  salamlayaraq tədbirin əhəmiyyətindən danışıb və konfransın  nəticələrinin  daha  vacib olduğunu diqqətə çatdırıb. Universitetin təhsilin idarə edilməsi fakültəsinin nisbətən yeni yaradılmış qurum olmasına baxmayaraq  ali məktəbin  həyatında mühüm yer tutduğunu deyən rektor  konfransın nəticələrinin kitab şəklində dərc olunaraq ictimaiyyətə çatdırılmasını  tövsiyə edib.   Rektor ADA Universitetindən olan 3 PHD  tələbəsinin xaricdə təhsilinin Təhsil Nazirliyi tərəfindən maliyyələşdirildiyini qeyd edib.  Təhsil Nazirliyinə bu sahədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən  rektor bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini qeyd edərək universitet üçün müəllim kadrlarının hazırlanması məsələsinin çox aktual olduğunu  diqqətə çatdırıb.  "Əsas məqsədimiz odur ki, Avropa və Amerikanın PHD proqramlarına diqqət yetirək. Hazırda bu sahədə xüsusi  dövlət proqramı hazırlanıb.  Çox yaxşı olacaq ki,  bizim ümidverici kadrlarımızı  xarici universitetlərə göndərək və özümüz üçün müəllim hazırlayaq".    Konfransın bu işdə rolunun  böyük olduğunu deyən rektor tədbirin işinə uğurlar arzulayıb.  Rektorun təbirincə,  tədbirin işi  təkcə məqalə vermək, çıxış  etmək deyil,  həm də müəllimlərin öz aralarında  təhsilimizin ümumi problemlərinə dair müzakirələr  aparmasıdır.    “Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, – deyə rektor qeyd edib.

 

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsinin  olduqca əhəmiyyətli olduğunu deyərək qeyd edib ki,  "İnklüziv, bərabər və keyfiyyətli təhsil" məsələləri  hər bir təhsil sistemi qarşısında duran  ən əsas vəzifələrdəndir.  "Təhsil  Nazirliyi olaraq bizim qarşımızda duran ən vacib məsələ hər bir gəncə, hər bir şagirdə,  tələbəyə keyfiyyətli təhsil vermək imkanlarının təqdim edilməsidir".

   

C.Bayramov  çıxışında qarşıda duran çağırışlar, bir sıra hədəflər və bu sahədə həyata keçirilən  işlər barədə konfrans iştirakçılarına  məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti  cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizdə  təhsil sahəsində islahatların "Yol xəritəsi" olan  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan artıq 5 il keçir.  Strategiyanın qəbul edilməsində əsas hədəf  əhatəliliyinə və keyfiyyətinə görə Azərbaycan təhsil sisteminin dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırılması,  təhsilin məzmunu, kadr hazırlığı, infrastruktur,  idarəetmə sahəsində yeni yanaşmaların tətbiq edilməsi yolu ilə ölkəmizdə beynəlxalq səviyyəli təhsil sisteminin qurulması və davamlı olaraq ölkənin inkişafına  təminat verilməsi vəzifəsi tutulmuşdur. 

 

Son illərdə ölkəmizin təhsil sistemində həyata keçirilmiş bir sıra islahatlar, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması,  müəllim əməyinin stimullaşdırılması, məktəblərdə sağlam mühitin yaradılması istiqamətində çoxsaylı tədbirlər bu vəzifələrin həllinə yol açıb. 

   

Nazir  bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan  dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin,  eləcə də  dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin  əməkhaqqının artırılması haqqında  sərəncamları çox yüksək qiymətləndirib.

  

Daha sonra  Dünya Bankının  Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi,   YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional təhsil məsləhətçisi Parmosivea Soobrayan  dünyada təhsilin inkişafı sahəsində mühüm istiqamətlərdən, qlobal çağırışlar və iqtisadiyyatlar dövründə təhsil sistemləri qarşısında duran vəzifələrdən,  Azərbaycanda təhsilin inkişaf trendlərinin dünya təhsilində baş verən dəyişikliklərlə müqayisəli təhlilindən ibarət təqdimatlarla çıxış ediblər.  Qonaqlar Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən və mövcud problemlərdən danışıblar. Konfransın birinci günü panel müzakirələrlə davam edib.

 

Oruc MUSTAFAYEV



19.06.2019 | 15:48