726 abituriyentin qiymətində dəyişiklik edilib

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 1593 nəfər buraxılış imtahanları üzrə, 54 nəfər I qrup üzrə, 111 nəfər II qrup üzrə, 55 nəfər III qrup üzrə, 45 nəfər isə IV qrup üzrə olmaqla ümumilikdə 1858 məzun və ya abituriyent (bütün imtahan verənlərin 1,11%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Bu müraciətlərdə buraxılış imtahanlarından 14000-ə yaxın, qəbul imtahanlarından isə 800-ə yaxın olmaqla, ümumilikdə 14800 (bütün yazı işlərinin 0,49%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

 

Bütün müraciətlər araşdırılıb və onları yazanlar dəvət edilərək iş üzrə birlikdə müzakirə aparılıb (regionlarda yaşayanlar ilə telefonla əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilmiş və müvafiq izahlar olunub). Apelyasiyaya müraciət edənlərdən 726 şagird və ya abituriyentin (bütün imtahan verənlərin 0.43 faizi) cəmi 892 tapşırıq (bütün tapşırıqların 0.03 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Təxminən 70 işdə edilmiş düzəliş imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

 

DİM-dən bildirilib ki,200-dən çox şagird və ya abituriyent bu və ya digər fənn üzrə bütün tapşırıqlarla bağlı müraciət edib, amma araşdırma zamanı məlum olmuşdur ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 58 şagird və ya abituriyent ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina etmiş və ya apelyasiyaya gəlməmişdir. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilmişdir. Həmçinin, Apelyasiya Komissiyasının qərarı ilə 7 aprel 2019-cu il tarixində keçirilmiş imtahanın bir tapşırığının (B variantında 48 nömrəli, D variantında 47 nömrəli, F variantında 47 nömrəli, H variantında 47 nömrəli) qiymətləndirmə meyarına “hadisələri” sözü də doğru cavab kimi daxil edilmiş və həmin tapşırığı bu şəkildə cavablandıran 136 şagirdin nəticəsində müvafiq dəyişiklik edilmişdir. Qeyd olunan dəyişikliklər iyun ayının 25-dək onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapacaq.

 

DİM-dən qeyd edilib ki, buraxılış imtahanlarda 100 minə yaxın, dörd qrup üzrə qəbul imtahanlarında 67600-ə yaxın şagird iştirak etmişdir və bu şagirdlərin ümumilikdə 3 milyondan çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

 



20.06.2019 | 14:12