İlisu kənd məktəbində “Müşfiq xatirələrdə” mövzusunda tədbir

Qax rayonu İlisu kənd tam orta məktəbində  Azərbaycan xalqının görkəmli şairi, repressiya qurbanı M.Müşfiqin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar olaraq “Müşfiq xatirələrdə” mövzusunda tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları Mikayıl Müşfiq yaradıcılığı ilə bağlı məktəbin dəhlizində təşkil olunmuş sərgi ilə tanış olublar. Tədbirdə məktəbin direktoru Aybəniz Məmmədova  bildirib ki, Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət şeirlərində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi, türkçülük ideyaları açıq-aydın hiss olunur.

Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən İsmayılova bildirib ki, “Həyat həm gülmək, həm ağlamaqdır” deyən  otuz yaşlı romantik, həyat və yaşamaq ehtirası ilə yanan şairimiz bu gün də, illər sonra da yaddaşlarda yaşayacaq. İllər keçsə belə  Müşfiq poeziyası, Müşfiq romantizmi qəlblərdən silinməyəcəkdir.

Tədbirdə şairin şeirlərindən, poemalarından nümunələr, eləcə də həyat yoldaşı Dilbər xanımın “Mənim Müşfiqli günlərim” əsərindən şair haqqında xatirələr söylənilib.

Mikayıl Müşfiqin dillərdə şərqi kimi oxunan “Yenə o bağ olaydı“ şeiri səsləndirilib.

Sonda   şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi 



17.02.2018 | 17:30