Beyindəki düşüncə tərzinin innovasiyası

Bu yaxınlarda sosial şəbəkədə qarşıma təsadüfən paylaşımlar, yazılar çıxdı. Valideynlərin bir-birindən fərqli rəyləri, razılıq və narazılıqları, təşəkkürlərini oxuduqca bitmirdi. Son aylardakı şagird, valideyn-müəllim münasibətlərilə bağlı hadisələrdən sonra oxuduğum yazılar diqqətimi çəkdi. Özəl təhsil müəssisələri içində tez-tez MİL - Müasir İnnovasiyalar Liseyinin adının  çəkilməsi, bu tədris ocağında uşaqlar üçün yaradılan şərait barədə oxuduqlarım məndə buradakı mühitlə daha yaxından tanış olmaq istəyi yaratdı. Elə bu məqsədlə də liseyin direktoru Sevinc Əliyeva ilə əlaqə saxladım. Təhsil ocağı ilə yaxından tanış olmaq arzumu lisey rəhbərliyinə bildirdim.

 

 

TANITIM. Odlar Yurdu Universitetini bitirib. Ölkədə aparılan kurikulum islahatlarında yaxından iştirak edib. Eyni zamanda “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,  ibtidai siniflərdə “Riyaziyyat” və “Azərbaycan dili” fənləri üzrə  qiymətləndirmə vəsaitlərinin həmmüəllifidir. Məktəbəqədər və ibtidai kurikulum standartlarının hazırlanması üzrə ekspert, uzun müddət Təhsil Nazirliyinin layihələri üzrə təlimçi kimi fəaliyyət göstərib.  Montessori  təliminin Azərbaycanda ilk araşdırıcısı və təqdimatçısı, Fin Təhsil modelinin ölkəmizdə tətbiqini həyata keçirmiş ilk mütəxəssislərdəndir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə daim əməkdaşlıq şəraitində milli qiymətləndirmə və monitorinq, dərsliklərin yoxlanması və  qiymətləndirilməsi, PIRLS qiymətləndirməsi üzrə ekspert,  seminar və konfransların təşkili, müəllimlərin maarifləndirilməsi istiqamətində beynəlxalq  təcrübələri var.

 

 

- Müasir İnnovasiyalar Liseyinin yaranma tarixi, fəaliyyəti və özünəməxsusluğu  haqqında nə deyə bilərsiniz?

 

- Müasir İnnovasiyalar Liseyi 2015-ci ilin iyununda təsis edilib. Əsas məqsədimiz  insan kapitalının inkişafı, müasir tədris mühitinin formalaşdırılması,  bilikli və bacarıqlı gənclər yetişdirilməsidir. Düşünürük ki, bu günün  şagirdləri texnologiyaları çevik mənimsəməli, daimi təhsil prosesinə qoşulmalı, sağlam həyat tərzi keçirməli, həyatda, hər bir işdə düzgün mövqe tutmalıdır. Bu, bizim amalımızdır.

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində 2015-ci ildən bir çox silsilə tədbirlər -  ödənişsiz seminarlar, sınaqlar, konfranslar, layihələr  təşkil edilib. İlk növbədə rektor,  professor Əhməd Vəliyev başda  olmaqla Odlar Yurdu Universiteti bütün bu proseslərin həyata keçirilməsində bizə mənəvi və maddi dəstəkdir. Liseyimizin beynəlxalq proqram təminatı isə BSB (Bakıdakı Britaniya Məktəbi) tərəfindən həyata keçirilir. Gördüyümüz bir çox işləri, layihələri biz təmənnasız həyata keçirmişik. PİRLS (PİSSA) qiymətləndirmə tələblərinə uyğun ödənişsiz və izahlı sınaq imtahanları, ingilis dilində ödənişsiz danışıq dərsləri, buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə,  onların valideynlərinə psixoloji dəstək kursları, “Müasir ailədə şagird, valideyn, müəllim və uşaq münasibəti” adlı beynəlxalq seminar, respublikada beynəlxalq proqramla təşkil edilmiş “Support programme” ilk  yay məktəbi layihəsi, “Tədrisin təmayüllər üzrə təşkilində Almaniya, Britaniya təcrübəsi” adlı beynəlxalq seminar, “Əylənərək öyrənək” layihəsi, müəllimlərin işə qəbulu üzrə “Diaqnostik qiymətləndirmə imtahanına hazırlıq” üçün metodik tövsiyələrin hazırlanması bu qəbildəndir. Bununla yanaşı “Peşəkar müəllim: oxuyub-anlama, yazı bacarıqlarının formalaşdırılması”, “Yaradıcı, kreativ müəllim”, “Zəka oyunu- bilik yarışı”, “Beynəlxalq təhsil: alman təhsil sistemi, tətbiq və praktik nəticələri”, “Fənlərarası inteqrasiyanı yaradabilmə- praktik iş”, “Sağlam qida və sağlam təhsil”, “Azərbaycan övladıyam”  Respublika müsabiqəsi həyata keçirdiyimiz uğurlu layihələrdəndir. 

 

- Liseyin adında innovasiya sözü yer alır. İnnovasiya dedikdə nə nəzərdə tutulur?

 

Bu, bir çox insan tərəfindən verilən sualdır.

 

dedikdə müasir texnologiyalar, kompüter, elektron təchizatı nəzərdə tutmuruq. Bizim nəzərdə tutduğumuz innovasiya- beyindəki düşüncə tərzi, yanaşmadakı dəyişiklik, baxış prizmasının, üsul, vasitələrin innovasiyasıdır. Yanaşma və baxış prizması  dəyişildikdə nəticə mükəmməl olur. Mükəmməl nəticə isə robot yetişdirmək  deyil, cəmiyyətə, ailəsinə, vətəninə yararlı, sosial bacarıqlı, sahib olduğu bacarığı ilə xoşbəxt olmağı bacaran, qurub yaradan  şəxsiyyət yetişdirmək deməkdir.

 

 

- Necə edirsiniz ki, bütün şagirdlərinizi tanıyır, onların maraq dairəsini bilirsiniz?

 

- Bunun  üçün xüsusi bacarığa ehtiyac yoxdur. İşini sevmək, məsuliyyətli və işinə vicdanlı yanaşma yetərlidir. Mən otağımda oturmuram. Adətən günün böyük bir hissəsini  şagirdlərin içində keçirirəm. Çatdıra bildiyim qədər   90%  valideynlərlə qəbul zamanı görüşürəm. Müraciət edənlərin hər birinin suallarının cavablandırılması ilə şəxsən özüm məşğul oluram. Bu zaman valideyn və şagirdi daha yaxşı tanımaq olur. Adətən dərs, yemək, oyun, gəzinti zamanı onların yanında olmağa çalışıram. Şagirdlərin baxışlarından, onlarla ünsiyyətdən maraq dairələrini bilmək olur. Bir tədris ili müddətində hər gün müşahidə etdiyin şagirdin xarakterini, xüsusiyyətini bilməyəcəyiksə, onda müəllimlik diplomunu gərək universitetə geri təhvil verək. Uşağı tanımaq üçün 1 həftə bəs edir. Bizim liseydə müəllimlər otağı yoxdur. Müəllim gününü şagirdlərlə keçirir, bütün proseslərdə onlarla birlikdə olur. Şagirdlər sinif otaqlarını öz istək və maraqlarına uyğın qururlar və dəyişikliyi prosesə görə yenə özləri edirlər. Hətta şagirdlərin əl işlərini onların istədiyi güşələrdə yerləşdirilməsinə də  icazə veririk.

 

- Məktəbəqədər təhsil kurikulumlarının (proqramı) tələb və əhəmiyyəti haqda nə deyə bilərsiniz?

 

- Bildiyimiz kimi, 3-6 yaş uşaqların ən mühüm inkişaf dövrüdür. Bu yaş dövründə beyin hüceyrələri sürətlə, tələbat artaraq aktiv düşünmə, dərketmə, potensial qabiliyyətlər inkişaf edir. Ancaq düzgün istiqamət düzgün inkişafın təməlidir. Burada əsas rolu tərbiyəçi oynayır. Çünki uşaq üçün inkişaf edə biləcəyi doğru mühiti o yaradır.  Məktəbəqədər kurikulumun tələblərini valideynlər arasında daha çox maarifləndirici  proqramlar vasitəsilə yaymaq lazımdır. Bir çox hallarda onlar məlumatsız olurlar. Bütün prosesi müəllimdən gözləyirlər. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqlarda yaşlarına uyğun sadə əmək vərdişlərini, məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini, qığılcımlarını, addımlarını formalaşdırmaqdır. Bu yaşlarda doğru istiqamət götürüldükdə, kiçik yaşlardan istedadlar aşkar edilir.

 

Məktəbəqədər kurikulumda  da digər kurikulum proqramları kimi eyni prinsiplər əsas götürülür  və şəxsiyyətyönümlüdür. Uşağa kiçik yaşlarından şəxsiyyət kimi yanaşmanı tələb edir. Artıq 12 ildir apardığım eksperiment layihələrə əsasən söyləyə bilərəm ki,  Montessori və Fin təhsili ən çox bu yaş dövrlərində effektli olur. Biz uşaqlara sərbəstlik veririk.Oyunlarla onlar tədrisə cəlb edilir. Nəticə qısa zamanda əldə edilir. Uşaq nəyi, necə, kimlə özü müəyyən edir. Məcbur edilmir. Sadəcə müəllim mühit və şəraiti yaradır, bələdçilik edərək özü də onlardan biri olur. Səmərəli tədris prosesi qurulur, psixomotor bacarıqlar, idrak proseslərinə yönəlik oyunlardan istifadə edilir.

 

- Bu zaman sual yarana bilər ki, oyun kitabını necə əldə etmək olar?

 

- Belə bir oyun kitabı yoxdur. Bu, tərbiyəçinin təxəyyülünün, yaradıcı təfəkkürünün məhsulu olmalıdır.

 

- Nə etməlidir tərbiyəçi?

 

- İşini sevmək yetərlidir. Düşünmək, xəyal etmək, planlamaq, tətbiq etmək, sınamaq qabiliyyətə və uğura aparacaqdır. Bu yolda ən asanı təqlid, ən çətini təcrübə, ən şərəflisi düşüncədir.

 

- Tədrisin təmayüllər üzrə aparılmasını necə təşkil edirsiniz?

 

- Bizim  bu sahədə artıq 2008-ci ildən təcrübəmiz var. Təmayülləşmənin bir çox müsbət tərəfləri var. İlk növbədə şagirdlər əlavə beyin yüklənməsindən azad olur. Peşəkar bir mütəxəssis olmanın ilk addımları atılır. N.Gəncəvinin sözləri burda əsl yerinə düşər: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Yarımçıq bilik, bacarıq, vərdişlər heç kimə lazım deyil. İşinin peşəkarı olmalısan. Cəmiyyətdə peşəkara həmişə ehtiyac var.

 

- Sizcə, təhsil müəssisələrində valideyn-müəllim münasibətləri necə qurulmalıdır?

 

- Kurikulum təlimlərində bizlər bunu xüsusi vurğulayırdıq. Valideyn-müəllim-şagird üçbucağı qurulmalı və daim əlaqəli işləməlidir. Bu üçbucağın bir bucağı olmadıqda təhsil də öz effektini itirir, keyfiyyət aşağı düşür. Təhsildə keyfiyyət ilk növbədə ünsiyyət və psixoloji durumdan asılıdır. Məktəblə valideyn arasında əlaqələr çox sıx olmalıdır. Ən əsası isə valideyn məktəbə, müəllimə güvənməli, hər hansı bir problem yaranarsa onun həllini birgə işbirliyi ilə çözməlidir. Məsələn, şagird səhər saat 09:00-dan axşam saat 17:00-dək liseydə olur. Şagirdin  gününün əsas hissəsi müəllimlə, məktəb mühitində keçir. Müəllim kollektivdə bir çox hadisələrin şahidi olur. Hər bir müəllim bir psixoloq olmalıdır. Uşaqla söhbət etməli, səmimi ortam yaradılmalıdır ki, onlar hər sirrini etibar edib bölüşə bilsinlər. Motivasiya yolları müəyyən edilməlidir. Kreativ yanaşma olmalıdır. Uşaq qarşısındakı müəllimdən  sevgi, qayğı hiss etməlidir. Təhsilə sevərək qoşulmalıdır.

 

- Müəllimlərin təkmilləşməsi, peşəkarlıq səviyyələrinin artırılması istiqamətində hansı işlər görürsünüz?

 

- Mentorluq layihəsi lisey daxilində davam etdirilir. Aylıq treninqlər keçirilir. Təhsildə yanaşma zaman, məkan, şagird baxımından daim dəyişiklik tələb edir. Keçirdiyimiz seminarlara kənar müəllimlər, hətta valideynlər də qatılaraq maariflənirlər. Müəllimin səs tonuna, səs tonunun yorucu olmamasına, nitq mədəniyyətinə, ünsiyyət qurma bacarığına, səbirli və təmkinli olmasına, geyiminə, nizam-intizamına, özünə inamına, dəqiqliyinə, dəyişən mühit və prosesə yanaşma tərzinə, çıxış yolları tapmaq bacarığına diqqət yetirilir. Ehtiyac olduqca dəstək və istiqamət verilir.

 

- Təhsilin səviyyəsi, uşaqların təlim nəticələrinin təhlili liseyinizdə necə aparılır?  

 

 

- Ölkəmizdə təhsil sahəsində  də digər sahələr kimi çox inkişaf var. Gündəlik, həftəlik, aylıq izlənmə proqramı vasitəsilə dinamika daim nəzarətdə saxlanılır.  “Elektron məktəb” layihəmiz var ki, bu da proseslərin operativ idarə olunmasına kömək olur.  

 

“MİL - support programme” çərçivəsində  neçə ildir ki, şagirdlərlə iş  aparılır. Şagirdə dəstək verilir. Bu proqram vasitəsilə kənar şagirdlərdən də ehtiyacı olanlara dəstək veririk.  Bütün bu proseslər liseydə baş verir. Evdə dərsin hazırlanmasına icazə verilmir. Ev tapşırığı evə göndərilmir. “Öyrənmənin yeri məktəbdir” prinsipi gözlənilir. Yalnız mütaliə xarakterli kitablar evə verilə bilər. Həftəsonu valideynin arzusu ilə  həftəlik işlənən  materiallar  evə  göndərilir.  Şagirdin liseydə məmnunluğuna çalışılır. Şagirdlərə istirahət və oyun saatları verilir. Belə ki, bir çox dərs oyunla keçildiyindən dərslər uşaqları yormur.  Siniflərdə 18 şagird, 1 sinif rəhbəri və 1 köməkçi müəllim olur.

 

- İstənməyən uşaq, zəif şagird anlayışına münasibətiniz?

 

- Əslində pis uşaq yoxdur. Mühit uşağı ya pis hərəkətlərə, ya da yaxşı hərəkətlərə çəkir. Aşağı sinifləri imtahansız qəbul etdiyimizə görə zəif uşaqlar olur. Xüsusilə də ingilis dili və riyaziyyatdan. Ancaq hamımız istedadlı uşaqla işləsək, onda zəiflərin inkişafı olmayacaq. Onlar da Azərbaycan vətəndaşıdır. Biz adətən zəif şagirdi qəbul edib “MİL - support programme” çərçivəsində dəstək veririk. Proqram çərçivəsində irəliləməyən və dəyişməyən şagird qalmır. İlkin diaqnostik nəticədən 2 ay sonra yaxşılığa doğru fərq yaranır. Bu fərq davranış, ünsiyyət, fənlər üzrə bilik və bacarıqlarda olur. Bəzi valideyn yanaşmaları düzgün deyildir. İnkişaf o demək deyil ki, şagird 2 aya 6 il ərzində itirdiyini bərpa etsin. Fərq şagirdin ilkin anı ilə prosesdəki irəliləyişi arasında yaranır və proqram ağırlaşdıqca artan fərq üzərində iş aparılır. Hər bir şagird fərddir, hər biri bir şəxsiyyətdir. Hər birinin beyin hüceyrələri fərqlidir. Heç bir şagird bir-birilə müqayisə edilməməlidir.

 

- Bəs  autizmli uşaqlarla iş prosesi necə təşkil edilir?

 

- 2007-ci ildən eksperimental iş aparırıq. Bu sahədə 12 illik təcrübəmiz var. Onlara xəstə kimi baxmaq  düzgün  deyil.  O uşaqlar sadəcə fərqlidir. Fərqli düşüncəyə malikdirlər. Ünsiyyət qurmada çətinlikləri olur. Onlarla təmayüllər üzrə təhsil və Montessori təlimi çox effektli olur. Fitri istedadları üzə çıxarılır. Şagird isə kollektivə qəbul edilir. Digər təhsilalanların tədrisinə mane olmursa, prosesi pozmursa, təhsilini davam etdirməsində heç bir əngəl olmur.

 

 

Niyazi RƏHİMOV



22.06.2019 | 14:14