İmtahan sessiyasına ictimai baxış keçirilib

Gəncə Dövlət Universitetində (GDU) 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara İctimai Nəzarət Şurası tərəfindən baxış keçirilib.

 

GDU-da yaradılmış Şuranın tərkibinə tanınmış ziyalılar, elm xadimləri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələri və tələbələrin valideynləri daxildir.

 

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə müşahidəçilərə imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığı, neqativ halların minimuma endirildiyi, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığı haqqında məlumat verib.

 

Bildirilib ki, 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanların keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsində məqsəd hesabatlılığın təmin edilməsi və şəffaflığın artırılmasıdır.

 

İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini auditoriyalarda izləyib, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən Qərargahın və onun nəzdində apellyasiya komissiyalarının fəaliyyəti ilə tanış olublar.

 

Müşahidəçilər görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.

 



25.06.2019 | 12:22