242 elektron vəsait olan elektron dərslik portalına maraq artır

Bu il elektron dərslik portalında video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

 

Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Təhsil İnstitutunun baş mütəxəssisi Tofiq Sadıxov məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 5, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materiallar əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq 5, 6, 7, 8, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər.

 

Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib. Beləliklə, ümumilikdə portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

 

Hazırda portalda 218 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 242 elektron vəsait mövcuddur. Elektron dərslik portalında hazırda 36 000-dən çox dərs mövzusu, 200 000-ə yaxın qeydiyyatdan keçmiş istifadəçi var.

 

T.Sadıxov bildirib ki, elektron dərslik portalına yüksək maraq müşahidə olunur: “Daim yenilənməsi və mütəmadi olaraq əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk 5 ayında portala giriş sayı 589 497, səhifələrə ümumi baxış sayı isə 3 milyondan çox idisə, cari ilin ilk dörd ayında bu göstəricilər 2 dəfəyə qədər artıb. 2019-cu ilin ilk 5 ayında portala giriş sayı 1 066 488, səhifələrə ümumi baxış sayı isə 6 milyondan çox olub”.

 

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub.

 

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər.

 

İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.

 

 

Ruhiyyə



25.06.2019 | 10:22