“Qlobal Ərzaq Təhlükəsizliyində Bitki Genetik Ehtiyatlarının rolu” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) birgə təşkilatçılığı ilə İtaliya Respublikasının Elm Gününə həsr edilən “Qlobal Ərzaq Təhlükəsizliyində Bitki Genetik Ehtiyatlarının rolu” mövzusunda seminar keçirilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova seminarın mövzusunun hər iki respublika üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə bitki genetik ehtiyatlarının kompleks öyrənilməsi və onlardan istifadə etməklə daha məhsuldar və keyfiyyətli sortların yaradılmasının vacibliyini diqqətə çatdırıb.

 

Alim yoxsulluqla mübarizə və ərzaq təhlükəsizliyi problemlərinin dünya sivilizasiyasının ən ciddi problemlərindən biri kimi daim dövlətlərin diqqət mərkəzində olduğunu bildirib.

 

AMEA-nın vitse-prezidenti hələ 30-40 il öncə Azərbaycanda bu sahədə mühüm tədqiqatların aparıldığını, uğurlu nəticələrin əldə edildiyini qeyd edib. Akademik Cəlal Əliyevin elmi fəaliyyəti məhz bu problemlərə yönəlmiş, alim ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı araşdırmalar aparmış, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm vermişdir.

 

İ.Hüseynova aktual bir problemə həsr olunmuş konfransın italiyalı alimlərlə birgə tədqiqatların aparılması, kadr hazırlığının həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, tədbirin təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarına minnətdarlığını ifadə edib.

 

İtaliya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Elena Leonard öz çıxışında seminarın hər iki ölkənin genetika, genomika, bioinformatika və seleksiya sahələrində çalışan alimlərin bir-birlərini daha yaxından tanımasına və yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasına təkan verəcəyini bildirib. O, italiyalı alimlərin azərbaycanlı həmkarları ilə müvafiq istiqamətlərdə müzakirələr apardığını deyərək, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə birgə elmi tədqiqatlar həyata keçirəcəklərini və kadr hazırlığı sahəsində sıx əməkdaşlıq edəcəklərini vurğulayıb.

 

Tədbirdə Azərbaycan Respublikasının KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev  ölkədə əhalinin böyük bir hissəsinin məskunlaşdığı kənd yerlərində ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük önəm verdildiyini nəzərə çatdırıb. Bildirib ki,  fermerlərə daim  dövlət dəstəyi göstərilir, güzəştli kreditlər təqdim olunur. KTN fermerlərə 70-dən artıq xidmət təqdim edir.

 

M.Əliyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, elektron kənd təsərrüfatının yaradılması istiqamətində kompleks  tədbirlər həyata keçirilir ki, bu da kənd təsərrüfatının bütün istiqamətlərini vahid mərkəzdən idarə etməyə imkan verəcək.

 

Seminarda mövzu ətrafında məruzələr dinlənilib. Məruzələrdən sonra birgə layihələrin hazırlanması və əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.

 

Toplantıda AMEA və KTN-nin müvafiq elmi tədqiqat institutlarından 150-dən artıq alim və mütəxəssis iştirak edib.

 

Tədbirin sonunda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 



27.06.2019 | 16:09