BSU-da “Məzun günü” qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) “Məzun günü”nə həsr olunan tədbir keçirilib. 

 

Əvvəlcə BSU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məzunlar zala Azərbaycan Respublikasının bayrağını gətiriblər.

 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva əlamətdar gün münasibəti ilə məzunları və valideynləri universitetin professor-müəllim heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər diləyib. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlara toxunub.

 

Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor, onları gələcək fəaliyyətlərində BSU-nun adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırıb.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu diqqətə çatdırıb. O, BSU-da müasir tələblərə cavab verən ixtisaslı kadrlar hazırlamasını və universitetdə  həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.

 

Sonra məzunlar BSU-nun simvolik bayrağını III kurs tələbələrinə təhvil verərək BSU məzununun Şərəf andını və universitetin himnini səsləndiriblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev də məzunları təbrik edərək onları dünyanın harasında olmalarından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil etməyə səsləyib. Sonra rektor N.Əliyevaya “Ordunun 100 illiyi” medalı təqdim edilib.

 

Mərasimin davamında dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomları təqdim olunub.

 

Tədbirdə əcnəbi tələbələr müxtəlif dillərdə məzunları təbrik edərək Azərbaycan dilində mahnılar səsləndiriblər.

 

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin humanitar məsələlər üzrə müşaviri İqor Yeronin, təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Abbas Hüseynov çıxışlarında gənclərin üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edərək məzunlara uğurlar diləyiblər.

 

Tədbir geniş konsert proqramı ilə davam edib.

 

Əsgər gedəcək məzunlar maraqlı kompozisiya təqdim ediblər. Məzunların ifasında “Əlvida BSU” mahnısı ilə konsert proqramı başa çatıb.

 

Qeyd edək ki, bu il BSU-dan bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 595, qiyabi təhsil alan 12 tələbə və magistratura səviyyəsi üzrə 115 magistr məzun olub.

 



27.06.2019 | 13:56