Təhsil TV: Gənc ifaçıların III respublika müsabiqəsi
Aprelin 16-da Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika  müsabiqəsinə start verilib. 
Müsabiqənin məqsədi şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.
Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev müsabiqəni giriş sözü ilə açaraq iştirakçılara uğurlar arzulayıb. 
 
Daha sonra Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova ümummilli lider Heydər Əliyevin mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində və dünya miqyasında şöhrət tapmasında əvəzsiz xidmətlərindən danışıb.
Müsabiqənin rəsmi açılış mərasimindən sonra iştirakçıların çıxışları dinlənilib. Xalq artistlərindən ibarət Münsiflər Heyəti bir neçə gün ərzində məktəblilərin çıxışlarını dəyərləndirəcək.
   
Müsabiqənin təşkilatı işləri Bülbül adına orta ixtisas musiqi məktəbi tərəfindən həyata keçirilir. Müxtəlif ixtisaslar üzrə üç yaş qrupu olmaqla iki mərhələdə təşkil ediləcək müsabiqə çərçivəsində şagird və ifaçıların “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı ilk elmi-praktik konfransı da keçiriləcək.
 
600 nəfərdən çox iştirakçının sənəd təqdim etdiyi müsabiqəyə mayın 3-də  Azərbaycan Dövlət Akademik Filarmoniyasında yekun vurulacaq.
 


17.04.2018 | 16:48