SDU-da “Məzun günü” qeyd edilib

Sumqayıt Dövlət Universitetində  (SDU) “Məzun günü” keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor  Elxan Hüseynov açaraq məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Rektor ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən, təhsil sistemindən, uğurlardan və beynəlxalq əlaqələrdən, respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətindən bəhs edib. O bildirib ki, SDU milli düşüncəli, Azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, yüksək təhsilli peşəkar kadrların hazırlanmasında uzaq miqyaslı strateji məqsədləri əsas götürərək respublikamızın ali təhsil müəssisələri arasında öncül yerlərdən birini tutur. Ölkəmizin kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidməti olan SDU bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır. Sevindirici amildir ki, universitetin məzunları dövlət qulluğu, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. 

 

Həyat yollarında məzunlara yüksək nailiyyətlər arzulayan rektor gənclərə doğma təhsil ocağının adını, şərəfini daim uca tutmağı,  müstəqil Azərbaycanın dinamik inkişafına layiqli töhfələr verməyi tövsiyə edib.

 

Sonra tələbələrin ifasında universitetin marşı səslənib.

 

SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov, şair-dramaturq Əvəz Mahmud Lələdağ , valideynlər adından  Rövşən Cəfərov, Akif  İdrisov çıxış edərək məzunları təbrik edib, onlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və  Azərbaycanın gələcəyi naminə çalışmalarını arzu ediblər.

 

Kimya və biologiya fakültəsinin məzunu Günel Rəhimova çıxış edərək, tələbə yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, universitetdə yaradılan şəraitə görə minnətdarlğını bildirib, müəllimlərini və doğma universiteti unutmayacağını söyləyib.

 

Tədbirdə SDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrantlara diplomlar, elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən Fəxri fərman, mükafat və hədiyyələr təqdim olunub. Həmçinin universitetdə “Nəsiminin söz dünyası” adlı fakültələrarası elmi-yaradıcılıq müsabiqəsinin qalib olmuş tələbə və magistrantlar Fəxri fərman və pul mükafatları ilə, bir qrup məzun isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərmanları ilə təltif olunublar.

 

Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.

 

Tədbir konsert proqramı ilə davam edib.

 



29.06.2019 | 13:54