Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, FHN işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub.

 

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev öncə yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı ilə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıblar.

 

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, bu il ümumrespublika yarışlarında finala vəsiqə alan 12 komanda – Quba, Salyan, Ucar, Lənkəran, Daşkəsən, Şuşa, Şamaxı, Sumqayıt və Bakı şəhəri “Zəngi” liseyi, 220 və 31 nömrəli tam orta məktəblərin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli respublika xüsusi internat məktəbinin komandası iştirak edib. “Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan komandaları mübarizə aparıblar. Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.

 

Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası, ikinci yerə Şamaxı, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Habelə Bakı şəhəri 2 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin komandası da təltif olunub.

 

Bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

 



01.07.2019 | 10:10