Gənc arxeoloq alim və tələbələrin Qəbələdə yay məktəbi keçiriləcək

İyulun 9-dan başlayaraq Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbinə start veriləcək. Qəbələ Arxeoloji Mərkəzində bir həftə ərzində davam edəcək tədbirin təşkilatçıları AMEA-nın İctimai Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasıdır.

 

Yay məktəbində müxtəlif elm və təhsil müəssisələrinin gəncləri bir sıra elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə  arxeologiya elminin problemlərinə dair interaktiv mühazirələri dinləmək imkanı qazanacaqlar. Tədbirin əsas məqsədi respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrinə dair müzakirələrə gənclərin cəlb olunmasıdır. Yay məktəbinin gedişində üç elmi panel üzrə konfransın keçirilməsi də planlaşdırılır.

 

Bundan başqa, tədbirdə iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyyətində mühüm əhəmiyyət kəsb edən “Leylatəpə” arxeoloji mədəniyyətinə aid “Qala yeri” abidəsində çöl tədqiqatlarının aparılması nəzərdə tutulub. 

 

 

Samirə KƏRİMOVA

 



01.07.2019 | 19:32