AzMİU-da 44-cü buraxılış mərasimi

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ili məzunlarının buraxılış mərasimi keçirilib. Universitetin Akt zalında düzənlənən mərasimdə dövlət qurumlarının, səfirliklərin nümayəndələri, millət vəkilləri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib. 

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzun adını qazanan tələbələri təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb, təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. “Həyatınızın möhtəşəm bir mərhələsini keçərək qazandığınız diplomla müstəqil, eyni zamanda daha məsuliyyətli dövrünə qədəm qoyursunuz. Sizə bu yolda yalnız uğurlar diləyirəm. Hansı mövqedə olursunuzsa olun, dövlətimizə, vətənimizə xeyirli bir övlad, vətəndaş olun, millətimizin adını həmişə, hər yerdə uca tutun”, - deyə rektor vurğulayıb. G.Məmmədova çıxışında universitetin qazandığı uğurlardan, AzMİU-nun Avropanın aparıcı universitetləri ilə reallaşdırdığı uğurlu ikili diplom proqramlarından, builki məzunların nəticələrindən də danışıb.

 

Tədbirdə qeyd olunub ki, bu, zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 44-cü təntənəli buraxılış mərasimidir. Başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1169 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 241 nəfər olmaqla cəmi 1485  gənc bitirir. SABAH qruplarında təhsil alan 17 tələbə də bu siyahıda yer alır.      

  

Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib. Onlardan bakalavr səviyyəsi üzrə 4, magistr səviyyəsi üzrə isə 6 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bakalavriat səviyyəsi üzrə məzunlardan 210 nəfəri magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. İlkin məlumatlara görə, onlardan 36 nəfəri xarici ölkələrin universitetlərinin magistr proqramlarına qəbul olunublar.

 

Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Rusiya və Özbəkistandan 95 məzun var. AzMİU-da təhsil 3 dildə aparıldığından bu ilki buraxılışda ingilis dilli qruplarda həm bakalavr, həm də magistr səviyyələrində birlikdə 58 tələbə də bu il məzun olur.

 

Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara rektorun təbrik məktubu oxunub, universitetin  müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edilib. Universitetin  ictimai işlərində xüsusi fəallıqları ilə seçilən bir neçə tələbə isə təltifnamələrlə mükafatlandırılıb. 

 

Məzunlar tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək  təşəkkürlərini bildiriblər.

 

Tədbir AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında bədii hissə ilə davam edib. Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar.

 

Sonda məzunlar səhnədə əllərində Azərbaycan bayraqları, əcnəbi məzunlar  isə öz ölkələrinin bayraqları ilə birgə “Tələbəlik illəri” mahnısını ifa ediblər.

 



02.07.2019 | 19:29