AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyət istiqamətləri müzakirə edilib

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclasında bölmə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramını təqdim edib.

 

R.Əliquliyev cari il iyunun 14-də AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və FRTEB-in büro üzvlərinin iştirakı ilə keçirilən görüşü xatırladaraq, bu tədbirdə fizika-riyaziyyat və texnika elmləri sahəsində prioritet elmi istiqamətlərin müəyyənləşdirildiyini, müvafiq sahənin alimləri qarşısına ciddi vəzifələrin qoyulduğunu bildirib.

 

Son zamanlar AMEA-da bütün sferaları əhatə edən ciddi islahatların həyata keçirildiyini qeyd edən alim, bu tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə elm və təhsilin inkişafı yönündə qəbul etdiyi fərman və sərəncamlara adekvat olduğunu vurğulayıb. Bildirib ki, dünyanın müasir çağırışları və ölkənin strateji maraqlarına müvafiq olaraq hazırlanan yeni fəaliyyət proqramında fizika-riyaziyyat və texnika elmləri sahəsində fəaliyyətin daha da gücləndirilməsi, elmi, təşkilati, kadr və sosial məsələlərin həllində müvafiq addımların atılması nəzərdə tutulur.

 

Vitse-prezident FRTEB və elmi müəssisələrin dövlət siyasətinin həyata keçirilməsində iştirakından da söz açıb. O vurğulayıb ki, bölməyə daxil olan hər bir institut ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş milli strategiya, dövlət proqramları, eləcə də elmi-texniki ekspertiza və rəylərin hazırlanmasında fəal iştiak etməlidir.

 

Alim FRTEB-in elmi müəssisələrində ölkə rəhbərinin fərman və sərəncamları, AMEA-nın Ümumi yığıncağının, Rəyasət Heyətinin qərarları, eləcə də AMEA-nın prezidenti və digər məsul şəxslərin tapşırıqlarının icrası ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb. “Bölmənin büro iclaslarında tapşırıqların icra vəziyyətinin monitorinqinin nəticələri müntəzəm olaraq müzakirə olunmalı, bölmə və elmi müəssisələrdə tapşırıqların icrasına nəzarət mexanizmləri gücləndirilməlidir”-,deyə alademik bildirib.

 

R.Əliquliyev elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların, alim və mütəxəssislərin AMEA Rəyasət Heyəti və SOCAR-ın təqdim etdiyi müsabiqələr, “Horizon – 2020” və digər ölkə və beynəlxalq səviyyəli qrant layihələrdə iştirakının vacibliyini də önə çəkib.

 

Elektron elm çərçivəsində elmi müəssisələrin fəaliyyətinin informasiyalaşdırılması ilə bağlı fikirlərini səsləndirən akademik tədqiqat fəaliyyətində İKT-nin tətbiqinin müasir dövrün tələbi olduğunu vurğulayan akademik çıxışında AzScienceNet şəbəkəsinin müəssisələr üzrə infrastrukturunun təkmilləşdirilməsi, inzibati-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

R.Əliquliyev, həmçinin bölmə üzrə elmi kadr hazırlığının vəziyyəti, elmi müəssisələrin beynəlxalq əməkdaşlıq münasibətlərinin müzakirəsi, FRTEB-in elmi müəssisələri ilə ictimai təşkilatlar arasında münasibətlərin qurulmasına dair mühüm təkliflər irəli sürüb.

 

Tədbirdə R.Əliquliyevin FRTEB üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramı ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

İclasda çıxış edən akademiklər Nazim Məmmədov, Telman Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Misir Mərdanov, Namiq Cəlilov, Oqtay Səmədov, Vaqif Quliyev və digərləri fəaliyyyət planına daxil olan tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyət proqramında nəzərdə tutulan və bu gün müzakirə olunan məsələlər FRTEB-in bundan sonrakı fəaliyyətinin daha da gücləndirilməsində mühüm rol oynayacaqdır. Qeyd olunub ki, fəaliyyət planı bölmənin elmi müəssisələrində yeni nailiyyətlərin əldə olunması, elmi işçilərin əməyinin stimullaşdırılması, institutların maddi-texniki bazasının gücləndirilməsi və meqalayihələrin həyata keçirilməsinə təkan verəcəkdir.

 

Tədbirdə, həmçinin illik hesabatların təkmilləşdirilməsi, institutlarda çalışan əməkdaşların sosial problemlərinin həlli, elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, FRTEB-nin fəaliyyətinə dair cəmiyyətə KİV vasitəsilə zəruri bilikərin çatdırılmasına dair müzakirələr aparılıb.

 



03.07.2019 | 19:05