ADNSU-da keçmiş məzunlarla görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, ADNSU-nun keçmiş məzunları və media nümayəndələri iştirak edib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq bu ali təhsil ocağının adını hər zaman uca tutduqlarına görə ötən illərin məzunlarına minnətdarlığını bildirib.

 

Sonra çıxışını hesabat məruzəsi ilə davam etdirən rektor M.Babanlı 2018/2019-cu tədris ilinin nəticələri, əldə olunan nailiyyətlərlə bağlı tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, ADNSU-da təhsil alan tələbələr qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşırlar. Ona görə də bu gün ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil. Bu il 2826 məzun Ali təhsil diplomu almalı idi, ancaq onlardan 2416 nəfəri buna nail ola bilib.

 

Rektor M.Babanlı son 4 ildə ADNSU-da görülən işlərdən, yeni layihələrdən söz açaraq qeyd edib ki, elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək.

 

Millət vəkili, ADNSU-nun kafedra müdiri, professor Hüseynbala Mirələmov çıxışında Azərbayacanda, həmçinin ADNSU-da aparılan təhsil islahatlarının artıq öz nəticələrini verdiyini deyib.

 

Görüşdə çıxış edən ADNSU-nun məzunları - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Beynəlxalq dərəcəli hakim, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifov və digər qonaqlar tələbəlik illərini, müəllimlərini yad edib xoş xatirələrini bölüşüblər. Onlar qocaman təhsil ocağının öz nüfuzunu qaytardığını vurğulayıblar. Keçmiş məzunlar Ali məktəbdə aparılan islahatları, buradakı uğurları hər zaman izlədiklərini qeyd ediblər.

 

Tədbir universitetin həyətində təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.

 



03.07.2019 | 19:05