Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparılıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşlarından ibarət “Tufandağ ekogeomorfoloji dəstəsi” Böyük Qafqazın cənub yamacında çöl tədqiqatlarında olub.  İnstitutdan verilən məlumata görə, ekspedisiyaya coğrafiya üzrə fəlsəfə doktoru Rəfail Abdullayev rəhbərlik edib.

 

Ekspedisiya üçün baza Tüntül kəndi (Qəbələ rayonu) olmaqla üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib:

 

-Tüntül-Duruca-Yatmışgözəl-Peyğəmbərbulaq-Rüstəmbaz-Tufan gölləri (3863 m);

 

-Tüntül-Sincan-Xaçmaz-Filfili-Kaytdağ-Çaldaş (3428 m);

 

-Tüntül-Qumlax-Xalxal-Qasdağ (2728 m);

 

-Nialdağ: Lahıc və Dəmirçilər istiqamətləri.

 

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması, yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi nəticəsində yeni sel ocaqlarının açılması və sayının artması, mövcud olanların isə xeyli genişlənməsi hallarını müşahidə ediblər.

 



04.07.2019 | 14:10