ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzi yeni imkanlar təklif edir

Azərbaycan Dillər Universiteti (ADU) özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir. 2018-ci ilin oktyabr ayından universitetin nəzdində  fəaliyyətə başlayan Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir. Bu fikirləri “Azərbaycan müəllimi”nə ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor əvəzi Elçin Hüseynov deyib.

 

O bildirib ki, mərkəz fəaliyyətə başladığı gündən universitetin rektoru akademik Kamal Abdullayev tərəfindən mərkəzin qarşısında önəmli məqsədlər qoyulub. O məqsədlərdən biri də müəllimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimləri təşkil etməkdir.

 

“Azərbaycanda ingilis dilini  öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr təşkil edirik. Biz ingilis dili üzrə tədris proqramlarımızı təlim sessiyaları vasitəsilə həyata keçiririk. Bunların məqsədi tədris alanların, eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni perspektivləri təklif etməkdir. Bu məqsədlə mərkəzimizdə indiyədək bir sıra təlimlər təşkil olunub: TKT “Teaching Knowledge Test” (Tədris Bilik və Bacarıqları üzrə Test)  təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, “Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, “Diplomatik tərcümə” üzrə təlim və s. Təlimlərdə ümumilikdə 250 iştirakçı olub. Təlimlərin təşkili istiqamətində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,Turizm Universiteti, Avrasiya Universiteti ilə əməkdaşlıq etmişik. Adları sadalanan universitetlərdən tələbə və müəllimlər mərkəzdə təşkil olunan təlimlərdə fəal iştirak edib və sonda sertifikatlar ilə təltif olunublar”-deyən E.Hüseynov təlimlərin mahiyyətinə də toxunub.  Bildirib ki, TKT dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.

 

TKT – (Tədris Bilik və Bacarıqları üzrə Test) hal-hazırda dərs deyən, lakin beynəlxalq səviyyədə ixtisaslaşmaq üçün öz təcrübələrini təsdiqlətmək istəyənlər, eyni zamanda öz tədris bacarıqlarını artıraraq, karyera imkanlarını genişləndirmək istəyənlər və tədris bacarıqlarını müasir metodlara uyğunlaşdırmaq istəyənlər üçün ideal bir təlimdir. TKT təliminin imtahanı bir neçə moduldan ibarətdir. Onların hamısını və ya yalnız ehtiyaca uyğun olanı seçmək mümkündür. Modulların zamanını və növünü seçmək, eyni zamanda hər bir modul üçün sertifikat əldə etmək seçimi də mövcuddur.

 

Mərkəz  peşəkar insanların öz potensialını artırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə müxtəlif təlimlər, həmçinin imtahanlar təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanların nəticəsində əldə olunan sertifikatlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilər üçün qoyduğu qaçılmaz tələb xarakteri alır.

 

“Təlimlərlə yanaşı, yeni tədris ilindən ADU-da ilk dəfə həm bu təhsil ocağının, həm də digər universitetlərin tələbələri üçün magistratura hazırlığına başlanılacaq. Artıq indidən yüzə yaxın tələbə qeydiyyatdan keçib. Sonda bütün müəllimlərə, tələbələrə müraciət edərək bildirmək istərdim ki, öz biliklərinizi daha da artırmaq istəyirsinizsə, Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir. Bunun üçün  çox əlverişli şərait mövcuddur və mərkəz  müasir təhsil və tədris standartlarına uyğundur. Bu imkanlardan maksimum yararlanın”-, deyə Mərkəz rəhbəri vurğulayıb.

 



04.07.2019 | 15:11