Körfəz Ərəb Dövlətləri universitetlərinin nümayəndələri BMU ilə tanış olublar

Körfəz Ərəb Dövlətlərinin “Taif”, “Jazan”, “Jeddah”, “Majmaah”, “Imam Abdulrahman Bin Faisal”, “Shaqra”, “Kuwait”, “Al Jouf” və “Prince Sattam Bin Abdulaziz” universitetlərindən 90 nəfərlik nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olublar. Tədbir BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə baş tutub.

 

Universitetin zalında keçirilən rəsmi tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov ölkəmizdə təhsilin səviyyəsi, Prezident İlham Əliyevin ali təhsil müəssisələrinə, eləcə də kadr hazırlığına diqqət və qayğısı barədə ətraflı məlumat verib. BMU-nun maddi-texniki bazası, tədris sistemi, tələbə həyatı və beynəlxalq əlaqələri barədə də danışan rektor bildirib ki, ali təhsil ocağı dünyanın bir çox qabaqcıl universitetləri ilə əməkdaşlıq edir. Professor H.Məmmədov Ərəb Dövlətlərinin universitetləri ilə də əməkdaşlığın mümkünlüyünü qeyd edib.

 

Tədbirdə BMU haqqında video çarx nümayiş olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

Daha sonra qonaqlar  universitetin foyesində təşkil olunan sərgini ziyarət ediblər. Sərgidə qonaqlara tələbələrin əl işi olan Azərbaycanın mədəniyyət nümunələri təqdim edilib. BMU-nun müasir texnologiyalı texnoparkı, laboratoriyaları və yataqxanaları ilə tanış olan qonaqlar universitet haqqında yüksək təsurat əldə etdiklərini bildiriblər.

 

Təmsil olunan universitetlərin nümayəndələri dəvətə və yüksək təşkilatçılığa görə BMU rəhbərliyinə təşəkkür ediblər.

 



04.07.2019 | 19:17