“Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” mövzusunda konfrans keçirilib

İyulun 4-də AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Tədbirdə elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli İqtisadiyyat İnstitutu ilə Çin Sosial Elmlər Akademiyasının (SEA) İqtisadiyyat İnstitutu arasında qurulmuş əməkdaşlıqdan, birgə keçirilən konfranslardan və reallaşdırılan layihələrdən danışıb.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iki ölkə arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf tarixindən danışıb. Akademik qeyd edib ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini tam dəstəkləyir, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri bu layihəni tamamlayır. Azərbaycan Çinlə Avropa arasında bir körpüdür. İki ölkə arasında artan əlaqələr böyük perspektivlərə malikdir. İqtisadi əlaqələrin inkişafı elmi əməkdaşlıq üçün də əlverişli zəmin yaradır. AMEA ilə Çin Elmlər Akademiyası, habelə institutlar arasında sıx əməkdaşlıq əlaqələri qurulub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış Çin Tədqiqatları Mərkəzi uğurla fəaliyyət göstərir. AMEA İqtisadiyyat İnstitutu da bu sahədə öndə gedir, Çin SEA-nın İqtisadiyyat İnstitutu ilə konfranslar keçirilir, birgə layihələr nəzərdə tutulur. AMEA ilə Çinin elmi mərkəzləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək.

 

Sonra alimlərin məruzələri dinlənilib. Çin SEA-nın üzvü, Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin “Çində istehlak, gəlir bölgüsü və inkişafın yeni mərhələsi”, Çin SEA Sosiologiya İnstitutunun direktoru, fəlsəfə doktoru Cen Guanqjin “Sosial tədqiqatlar üçün metodologiyaya sadə giriş: gəlirlərin bölgüsü nümunəsində”, institutun şöbə müdirinin müavini, fəlsəfə doktoru Tian Fenq “Virtual cəmiyyətdə davranışın sosioloji təhlili”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva “Çində və Azərbaycanda şəbəkə hazırlığı indeksinin müqayisəli təhlili” mövzusunda təqdimatla çıxış ediblər.

 

Tədbirdə çıxışlar ətrafında müzakirələr aparılıb.

 



04.07.2019 | 21:10