Dahi Nəsimi yad edilib

Bildiyimiz kimi, bu il bir necə söz, sənət dahilərimizin anadan olmasının yubiley ilidir. O cümlədən, Azərbaycanın  böyük şairi, mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci ildə sərəncam imzalayaraq 2019-cu ili “Nəsimi ili” elan edib. Sərəncama əsasən böyük şairin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd edilir. 

 

İlin başlanğıcından ölkəmizdə elm, təhsil, mədəniyyət, maarif ocaqlarında bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi irsi mütəfəkkirin adına layiq şəkildə yad olunur. Belə tədbirlərdən biri də tədris ilinin yekunlaşdığı son günlərdə Xocavənd rayonun Nərmanlı kənd orta məktəbində keçirildi.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aidə Zülfüqarova bildirdi ki, məktəbdə mütəmadi olaraq elm, təhsil, maarif, eləcə də dahi söz, sənət xadimlərinin yaradıcılığı ilə bağlı tədbirlər keçirlir. Bu gün də bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olan Azərbaycanın böyük şairi İmaməddin Nəsiminin 650 illik yubiliyini qeyd etmək üçün yığışmışıq: “Təbii bunun üçün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına kollektivimiz adından minnətdarlığımızı bildirirəm ki, dahi şairin yubileyinin yüksək səviyyədə qeyd edilməsi üçün sərəncam verib”.

 

Sonra səhnə məktəblilərin ixtiyarına verildi. Şairin şeirləri və qəzəlləri məktəblilər tərəfindən yüksək səviyyədə ifa edildi.

 

Dahi mütəfəkkirin həyatına həsr edilmiş səhnə tədbir iştirakçılarında böyük məmnunluq yaratdı. Səhnədə bir daha Nəsiminin haqq dünyası açıqlandı. Nəsimi dövrünün əksər elmlərini çox gözəl bildiyi üçün onu sözün zirvəsinə ucaldan amillərdən biri də fəlsəfi, ictimai-siyasi fikirlərin yer almasıdır. Ona görə də Nəsimi bütün yaradıcılığı boyu insanlarda mənəvi-əxlaqi dəyərləri təbliğ edir və ruhunu tərbiyələndirməyə çalışırdı. Səhnədə də bu fikirlər bir daha şagirdlərə təlğin edildi. Həm şeirlərin və qəzəllərin ifa edilməsində, həm də səhnəcikdə Nəsimi obrazını Müzəffər İsgəndərov, Nadir şah obrazını  Malik Nadirov, digər obrazları isə Diləzbər Fətəliyeva, Amin Qurbanov, Zülfiyyə İbrahimli və Murad Seyidzadə ifa etdilər. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

 

Sonda tədbirin təşkilatçıları, məktəbin dil ədəbiyyat müəllimi Nahidə Seyidova və kimya müəllimi Aynurə Zeynalova Xocavənd Rayon İcra hakimiyyətinə və məktəb rəhbərliyinə tədbirin keçirilməsi üçün onlara yardımçı olduqlarına görə təşəkkürlərini bildirdilər.

 

Bir faktı da qeyd edək ki, Xocavənd rayonun Nərmanlı kənd orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də böyük təntənə ilə hazırlaşmışdı. Məktəbin kollektivi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə bayramı əsgərlərlə birlikdə qeyd etmişlər.

 

Məktəb rəhbərliyi və şagirdlər 2016-cı ilin aprel döyüşlərində iştirak edən və şəhid olan bir neçə döyüşçünün ailələrinə də baş çəkmiş, məzarlarını ziyarət etmişlər.

 

Onu da vurğulamaq yerinə düşər ki, əslində bu məzmunlu tədbirlər məktəbdə mütəmadi olaraq həyata keçirilir. Və belə tədbirlərin gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün çox böyük əhəmiyyəti var.

 

 

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

 



06.07.2019 | 14:00