ADPU-nun Elmi Şurasının iclası keçirilib

İyulun 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün son iclası keçirilib.

 

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “2018-2019-cu tədris ilində magistrlik dissertasiya işlərinin  nəticələri barədə”, “2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasınının ilkin nəticələri haqqında” və cari məsələlər daxildir.  

 

Rektor çıxışında bildirib ki, iyulun 14-də müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə qazanılmış böyük iqtisadi, elmi-intellektual potensial sonradan müstəqil Azərbaycanın həyatında mühüm rol oynadı. Bugünkü müstəqil, güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.

 

Rektor bu günlərdə Şəkinin tarixi mərkəzinin və Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə də toxunub və bildirib ki, bu, Azərbaycanın mühüm beynəlxalq uğurudur.

 

C.Cəfərov, həmçinin deyib ki, ADPU və Corc Vaşinqton Universiteti arasında iyunun 25-də Birgə Bəyannamənin imzalanması mühüm hadisədir. Bu Birgə Bəyannamənin imzalanması ADPU-nun elm və təhsil sahəsində yeni mərhələyə daxil olduğunu göstərir.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “2018-2019-cu tədris ilində magistrlik dissertasiya işlərinin  nəticələri barədə” hesabat məruzəsi ilə çıxış edib. A.Zamanov çıxışında magistratura təhsil səviyyəsinin daha da yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, dosent İsrayıl İsgəndərov, professor Vəli Əliyev, professor İramin İsayev, dosent Yaqut Rzayeva və başqaları çıxışlarında hesabatı müsbət qiymətləndirərək magistr hazırlığının səviyyəsinin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

 

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

 

Daha sonra “2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin nəticələri haqqında” Tədris işləri üzrə prorektor, dosent E. Aslanov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, bütövlükdə yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçib. Dosent E.Aslanovun çıxışında, həmçinin ADPU-da ali təhsilin magistratura səviyyəsi üzrə, eləcə də filiallar və ADPU-nun nəzdində ADPK üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri öz əksini tapıb.

 

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

 

İmtahan Qərargahının rəhbəri, dosent Nazilə Abdulzadə və Apelyasiya Komissiyasının sədri, dosent Asif Axundov çıxış edərək qərargaha və komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və qəbul edilən qərarlar barədə ətraflı məlumat veriblər.

 

İclasda Elmi Şura üzvlərinin fəal iştirakı və faydalı fikir mübadiləsi şəraitində cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 



09.07.2019 | 19:59