İndoneziyalı qonaqlar AzMİU-da

İndoneziyanın Tarumaneqara Universitetinin Memarlıq fakültəsinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə İndoneziyanın ölkəmizdəki səfiri professor Hüsnan Bəy Fanani, AzMİU-nun prorektorları, Xarici əlaqələr şöbəsinin müdiri və əməkdaşları iştirak edib. 

 

Rektor G.Məmmədova qonaqlara universitetin tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlər barədə məlumat verib.  Rektor  müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Sonra AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev universitet haqqında tanıtım filmini təqdim edib.

 

İndoneziya nümayəndə heyətinin rəhbəri, Tarumaneqara Universitetinin professoru Haydir Ənvər Makarim iki universitet arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyini bildirib.

 

Səfir H.B.Fənani də universitetlər arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələn köməklik edəcəyini vurğulayıb.

 

Müzakirələrdən sonra qonaqlar universitetlə tanış olub, imtahan zallarına baş çəkib, Memarlıq fakültəsini gəziblər. 

 

 

Sifai SƏFƏROVA

 



10.07.2019 | 12:09