NDU ilə Ukrayna Dövlət Dəmiryol Universiteti arasında əlaqələr genişlənir

Ukraynanın Xarkov şəhərində yerləşən Ukrayna Dövlət Dəmiryol Universitetinin rektoru, texnika üzrə elmlər doktoru Sergey Pançenko Naxçıvan Dövlət Universitetində (NDU) olub.

 

İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində bir çox layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir. 

 

Universitetin rektoru bildirib ki, Ukrayna Dövlət Dəmiryolu Universiteti Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlığa xüsusi maraq göstərir. Rektor universitetdə təcrübi qaydada dərslərin keçirilməsi üçün mövcud laboratoriyalar haqda da danışıb.

 

Görüşdə tələbə-müəllim mübadiləsi, təhsil, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə videokonfransların, ikitərəfli beynəlxalq proqram çərçivəsində təhsil və tədqiqat proyektlərinin birlikdə işlənməsi,  mədəni və idman tədbirlərinin keçirilməsi qarşılıqlı müzakirə olunub.  Elmi məqalələrin, monoqrafiyaların hazırlanması, universitetlərarası elmi məsləhətlər keçirilməsi, dərsliklərin hazırlanması üçün müəllimlərdən ibarət yaradıcılıq kollektivlərinin təşkili, təhsil-tədris proqramlarının hazırlanması, hər iki universitetin keçirdiyi tədbirlərə qarşılıqlı dəvət proqramı müzakirə olunan məsələlər sırasında yer alıb.

 

İnformasiya texnologiyaları sistemləri, Dəmiryol nəqliyyatı vasitələri mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrdən seçilməklə 2019-2020-ci tədris  ilinin  sentyabr ayından etibarən  1 semestr  təhsil almaq üçün Ukrayna Dövlət Dəmiryolu Universitetinə göndəriləcəyi də qarşılıqlı razılaşdırılıb. 

 

Sonra Memarlıq və mühəndislik fakültəsində olan qonaqlar dəmiryolda qatarların  hərəkətinin, vaqonların açılıb-bağlanmasının əl və proqramla idarə olunması laboratoriyasına, tələbələrin əl işlərindən hazırlanmış muzeyə, müvafiq ixtisaslar üzrə yaradılmış iki kabinəyə və imtahan keçirilən otağa baxıblar.

 



10.07.2019 | 20:15