“Heydər Əliyev epoxası: tarix və müasirlik” mövzusunda elmi konfrans

İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Heydər Əliyev epoxası: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə 14 iyul 1969-cu ilin Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldığını diqqətə çatdırıb. Dahi şəxsiyyətin yalnız Azərbaycanın deyil, türk aləminin böyük siyasətçisi olduğunu deyən akademik onun əsasını qoyduğu ideologiyanın ölkə hüdudlarından kənarda da yayıldığını qeyd edib. A.Əlizadə Azərbaycanın firavanlıq, əmin-amanlıq şəraitində yaşamasına, eləcə də siyasi, iqtisadi, elmi və mədəni sahələrin elmi əsaslarla inkişafına bütün həyatını həsr edən Ulu Öndərin uzaqgörən siyasəti və cəsarəti ilə nail olunduğunu nəzərə çatdırıb.

 

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycanın müstəqillik dərsləri: Heydər Əliyevdən İlham Əliyevə” adlı məruzə ilə çıxış edib. Sovetlər dövründə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə keçmiş sovetlərin ən qabaqcıl inkişaf etmiş ölkələrindən birinə çevrildiyini deyən vitse-prezident 14 iyulun Azərbaycanda böyük dönüşün möhtəşəm başlanğıcı olduğunu vurğulayıb. Ölkənin strategiyasının müəyyən olunması ilə tarixə yazılan 14 iyulun  ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardığını deyən akademik 15 iyuna qədər Azərbaycanın keçdiyi şərəfli tarixi yolun müəllifinin görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu bildirib.

 

Sonra millət vəkili, xalq yazıçısı Elmira Axundova “1969-cu ilin 6 avqust plenumu: Böyük dönüşün möhtəşəm başlanğıcı” mövzusunda məruzə edib. Heydər Əliyevin ilk hakimiyyətə gəlişindən söz açıb, şahidlərin bu dönəmlə bağlı söylədikləri xatirələri bölüşüb. Ümummilli Liderin avqust plenumundakı çıxışı zamanı korrupsiya, rüşvətxorluq və s. kimi problemlər barədə səsləndirdiyi fikirlərdən söz açıb.

 

Tədbirdə A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Heydər Əliyev - Dünya şöhrətli, görkəmli dövlət xadimi” adlı məruzəsi dinlənilib. Akademik avqust plenumunda Ulu Öndərin sovetlər sistemində heç kəsin cəsarət etmədiyi fikirləri gündəmə gətirməsi ilə onun siyasi xəttinin müəyyənləşdiyini, ağır sovet rejimindəki fəaliyyəti ilə gələcək Azərbaycan modelinin hazırlandığını bildirib. Vurğulayıb ki, Heydər Əliyevin hər zaman axına qarşı gedərək tarixin gedişini dəyişən şəxsiyyətlər sırasında yer alıb və bütün çətinliklərə rəğmən hazırkı Azərbaycanı yaradıb.

 

AMEA-nın Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev “Azərbaycan elmi Heydər Əliyev epoxasında” mövzusu ilə məruzə edib. Milli Elmlər Akademiyasının ikinci, 1970-1980-ci illərdəki çiçəklənmə dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu deyən akademik həmin dövrdə alimlərin əməyinin qiymətləndirilməsində də Heydər Əliyevin böyük rolu olduğunu söyləyib.

 



11.07.2019 | 18:10