LDU-da Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar konfrans keçirilib.

 

Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, Ulu Öndər ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində misilsiz xidmətlər göstərib. Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə gəlməsindən az sonra respublikada inkişaf və tərəqqi özünü göstərməyə başlayıb, iqtisadiyyatın bütün sahələri, elm, təhsil, mədəniyyət sürətlə inkişaf edib. Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən, aqrar-sənaye ölkəsinə çevrilib. Ulu Öndərin Azərbaycanın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən əsası, bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurların və inkişafın təməlinə çevrilib.

 

N.İbrahimov vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə yüksəkixtisaslı kadr hazırlığına diqqət artırılıb, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edilib. Ulu Öndər bütün çətin günlərdə həmişə xalqının yanında olub. Aktiv siyasi fəaliyyətdən uzaqlaşdırıldığı dövrdə belə 1990-cı ilin 20 yanvar hadisələrinə hüquqi siyasi qiymət verməsi, kəskin mövqe nümayiş etdirməsi Heydər Əliyev qətiyyətinin, uzaqgörənliyinin nəticəsi idi.

 

Daha sonra universitetin humanitar fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov, sosial məsələlər üzrə prorektor, YAP LDU ərazi ilk təşkilatının sədri, filolofiya elmləri namizədi, dosent Kamran Kazımov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov məruzələrində Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycan naminə gördüyü işlərin əhəmiyyətindən geniş bəhs ediblər. Məruzələrdə qeyd edilib ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə müdrikliyi və qəti mövqeyi ilə ölkəmizi məhv olmaqdan xilas edib, müstəqqilliyimizi qoruyub, atəşkəsə nail olub, “Əsrin müqaviləsi”ni bağlayıb. Ulu Öndər Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib, özünün ən möhtəşəm əsərini-müstəqil Azərbaycanı yaradıb.

 

Konfransda Ümummilli Liderin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən videofilm nümayiş olunub.



15.07.2019 | 16:51