Yüksək nəticə göstərmiş məzunlarla görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin test mərhələsində “Fizika müəllimliyi” ixtisası üzrə 57 bal toplamış Fizika fakültəsinin məzunu Günay Məstəliyeva və “İnformatika müəllimliyi” ixtisası üzrə 56 bal toplamış Riyaziyyat fakültəsinin məzunu Könül Əkbərova ilə görüşüb.

 

C.Cəfərov onları təbrik edərək gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. O qeyd edib  ki, məzunların əldə etdikləri yüksək nəticələr ADPU-nun nüfuzuna müsbət təsir edir: “Bizim əsas məqsədimiz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan sizin əldə etdiyiniz nəticə təqdirəlayiqdir”.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov və Riyaziyyat fakültəsinin dekanı vəzifəsini icra edən dosent Araz Fərəcov məzunları təbrik edərək onlara daha böyük uğurlar arzulayıblar.

 

Günay Məstəliyeva və Könül Əkbərova Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar, həmişə məzunu olduqları universitetin adını öz bilik və bacarıqları, müsbət fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar.

 

Sonda məzunlara gül dəstələri və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

 



15.07.2019 | 18:32