AMEA-nın vitse-prezidenti Parisdə keçirilən beynəlxalq konqresdə iştirak edib

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev  Fransanın paytaxtı Parisdə Nəzəri və Tətbiqi Kimya Beynəlxalq Birliyinin (IUPAC) 47-ci Beynəlxalq Konqres və həmin qurumun yaranmasının 100 illiyinə həsr olunan 50-ci Baş Assambleyasının iclaslarında iştirak edib.

 

“Kimyanın sərhədləri: gəlin gələcəyimizi quraq! IUPAC-la 100 il birlikdə” şüarı ilə keçirilən konqresə 3500-dən çox kimyaçı alimin qatılıb. Tədbir çərçivəsində 30 simpozium, 9 bölmə, 8 plenar iclas keçirilib, 500-ə yaxın məruzə dinlənilib.

 

Akademik T.Nağıyev konqresdə iki məruzə ilə çıxış edib. Alimin hər iki məruzəsi "yaşıl kimya"nın tələblərinə cavab verən oksidləşdirici proseslərə, o cümlədən davamlı biomimetik katalizatorların yaradılması və işlənməsində yaxın elm sahələrinin birgə yanaşma prinsiplərinə həsr olunub.

 

Konqresdə, həmçinin rus alimi D.Mendeleyevin 1869-cu ildə kəşf etdiyi kimyəvi elementlərin dövri cədvəlinin 150 illiyi təntənəli qeyd olunub.

 

Qeyd edək ki, IUPAC kimyanın bütün aspektlərini əhatə edən kəskin qlobal problemlərin həllinə dair obyektiv  elmi ekspertizaların verilməsi üzrə lider təşkilatdır.

 



15.07.2019 | 20:24