Azərbaycanın Braziliyadakı səfiri BDU-da olub

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində (BDU) olub.

 

BDU-nun rektoru Elçin Babayevlə görüşdə Braziliya universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

 

Səfir E.Poluxov 1920-ci ildə təsis edilən Rio-de-Janeyro Federal Universiteti haqqında məlumat verib. Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan universitetdə iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat fakültələrinin, bir neçə tədris və elmi-tədqiqat institutlarının, həmçinin Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərir.

 

Rektor E.Babayev Rio-de-Janeyro Federal Universiteti və buradakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu nəzərə çatdırıb.

 

Görüşdə BDU ilə Rio-de-Janeyro Federal Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması, birgə tədqiqat işlərinin aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri kimi məsələlər də müzakirə edilib. 

 



18.07.2019 | 20:31