Fransada Universitetlərarası Milli Şura və elmi dərəcə və adların verilməsi təcrübəsi

Fransa elmi dərəcə və adların verilməsi sahəsində bir sıra cəhətləri ilə  özünəməxsus xarakter daşıyan təcrübəyə malikdir. Əsas cəhət elmi dərəcə və elmi adların verilməsində mərkəzləşdirilmiş tənzimləmə mexanizminin mövcud olmasıdır. Belə ki, Fransada Universitetlərarası Milli Şura (CNU) elmi dərəcə və elmi adların verilməsində çox böyük səlahiyyətlərə malikdir. Şura, elmi və elmi-pedaqoji kadrların karyera məsələlərini tənzimləyən rəsmi orqandır. Üzvlərinin 2/3-i universitet professorları tərəfindən seçilir, 1/3-i isə Ali Təhsil və Tədqiqat Nazirliyi (MESR) tərəfindən təyin edilir. Şura, elmi dərəcə və adların verilməsinin əsaslarını müəyyən edir və bu sahədə müvafiq attestasiya komissiyalarını təşkil və koordinasiya edir.

 

Fransada “doktor (PhD)” elmi dərəcəsi, “dosent (maître de conférence – MCF)” və “professor (professeur des universités)” elmi adları (vəzifələr) və Almaniyada olduğu kimi, “habilitat (habilitation)” kvalifikasiyası mövcuddur.

 

“Doktor (PhD)” elmi dərəcəsi universitetlərdə doktorantura təhsili əsasında və elmi rəhbərlərin nəzarəti altında dissertasiyaların yazılaraq müdafiə edilməsi ilə əldə edilir. Universitetlərarası Milli Şura müdafiə edilmiş dissertasiyaları attestasiya edir, dissertasiya məqbul hesab edilmədiyi təqdirdə onun sahibi aldığı elmi dərəcəni itirmir, sadəcə universitetlərdə vəzifə tutmaq üçün müsabiqələrə buraxılmır.

 

Universitetlərdə daimi vəzifələr hesab edilən “dosent” və “professor” vəzifələrindən öncə “təhsil və tədqiqat üzrə müvəqqəti attaşe (ATER)” və ya “araşdırmalar üzrə əlaqələndirici monitor” kimi müvəqqəti və müqaviləli akademik vəzifələri tutmaq mümkündür.

 

Fransa universitetlərində “dosent (maître de conférence – MCF)” elmi vəzifəsini tutmaq üçün  “doktor (PhD)” dərəcəsini almış və bir neçə il (əsasən 3 il) post-doktorantura fəaliyyəti göstərmiş şəxslər müraciət edirlər. Onlar bunun üçün ilk növbədə Universitetlərarası Milli Şuradan (CNU) “dosent (maître de conférence – MCF)” kvalifikasiyasını qazanır və dosentlər üçün müvafiq kvalifikasiya sahibi olanların milli siyahısına əlavə edilirlər. Bu kvalifikasiya onlara elmi-pedaqoji fəaliyyətlərinin nəticələri əsasında verilir. Kvalifikasiya əldə edildikdən sonra vakant dosent vəzifələrini tutmaq üçün universitetlərə müraciət etmək hüququ əldə edilir. Universitetlər də seçki komitələri vasitəsilə bu vəzifələrə rəqabətli şərtlərlə seçki keçirirlər. Hər hansı bir universitetdə bu vəzifəyə seçilənlər daimi əsaslarla seçilir və dövlət qulluğu statusu alırlar.

 

Universitetlərdə “professor (professeur des universités)” vəzifəsini tutmaq üçün dosent elmi vəzifəsinə sahib olan və “habilitat” kvalifikasiyasını qazanan şəxslər müraciət edirlər. “Habilitat”  kvalifikasiyasını da Universitetlərarası Milli Şura (CNU) verir. Bunun üçün 3-10 il ərzində tutarlı bir tədqiqat, həmçinin də elmi-pedaqoji fəaliyyət və çoxlu sayda elmi əsər nəşr etdirmək tələb edilir. “Professor” elmi adı (vəzifəsi) ən yüksək elmi addır və bu ad da Universitetlərarası Milli Şura (CNU) tərəfindən verilir. Namizədin tədqiqatları, tədris və inzibati fəaliyyətləri yaradılmış seçki komitəsi tərəfindən qiymətləndirildikdən sonra bu vəzifəyə seçilməsi ilə bağlı qərar qəbul edilir. “Professor” daimi vəzifədir və dövlət qulluğu statusu sayılır.

 

 

Elşən Bağırzadə,

iqtisad üzrə fəlsəfə doktoru

 



29.07.2019 | 10:51