Yüksək nəticələr göstərən tələbələrə BANM ilə yanaşı Heriot-Vatt Universitetinin diplomları veriləcək

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin və Beynəlxalq inkişaf üzrə menecer Biata Kristal ilə görüşüb.

 

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri, bakalavriat və magistratura pillələri üzrə tələbə hazırlığı, məzunlara ikili diplomların verilməsi, tədris prosesində yeni standartların tətbiqi kimi məsələlər müzakirə olunub.

 

Rektor E.Qasımov Heriot-Vatt Universiteti ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

 

Öz növbəsində, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, qısa müddət ərzində düzgün idarəetmə və tədris metodologiyası sayəsində uğurlar əldə edilib. O vurğulayıb ki, birgə əməkdaşlığın nəticəsi olaraq, bu gün Heriot-Vatt Universiteti Azərbaycanda tanınır: “Təklif edirik ki, Bakı Ali Neft Məktəbinin seçilmiş tələbələri müəyyən müddət ərzində Heriot-Vatt Universitetində təhsil alsınlar”.

 

Heriot-Vatt Universitetinin nümayəndəsinin təklifi yüksək qiymətləndirilib və Bakı Ali Neft Məktəbinin hər il 2 tələbəsinin təqaüd yolu ilə 1 semestr sözügedən Universitetdə təhsil alması qərara alınıb.

 

Görüşdə, növbəti tədris illərində də bakalavriat və magistratura pillələri üzrə seçim imtahanlarında və təhsil müddətində yüksək nəticələr göstərən tələbələrə Ali Neft Məktəbi ilə yanaşı Heriot-Vatt Universitetinin diplomlarının verilməsi barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, 2012-ci ildən “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır.

 

Sonda qonaqlar BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

 



29.07.2019 | 16:16