ADPU-nun tələbəsi Kopenhagen Kollec Universitetində təhsilini başa vurub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Aytək Rəhimli Erasmus+proqramı çərçivəsində Kopenhagen Kollec Universitetində təhsilini uğurla başa vurub.

 

Qeyd edək ki, A.Rəhimli  2014-2015-ci tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunub. 2019-cu ilin fevral ayında isə ADPU tərəfindən Erasmus+proqramı çərçivəsində Danimarkanın Kopenhagen Kollec Universitetinə göndərilib. O, 4 ay yarım müddətində bu universitetin Sosial təhsil fakültəsində  “Xüsusi qayğıya ehtiyacı olan insanlar”  ixtisası üzrə təhsil alıb. 

 

A.Rəhimlinin sözlərinə görə, o, qeyd olunan müddətdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları təhsil müəssisələrində təcrübə keçib və bu qəbildən olan insanlarla iş üzrə Danimarka təcrübəsini öyrənib. Kopenhagen Kollec Universitetindəki tədris prosesi, tədris proqramları, müəllim-tələbə münasibətləri, eyni zamanda beynəlxalq mühit A.Rəhimlidə zəngin təəssürat yaradıb, onun yeni biliklər qazanmasına və dünyagörüşünün genişlənməsinə səmərəli təsir göstərib.

 

A.Rəhimli universitetin tələbə-gənclərini belə beynəlxalq mübadilə proqramlarında fəal iştirak etməyə çağırıb.

 



29.07.2019 | 19:49