“Təhsil haqqının yüksəkliyi təhsilin daha keyfiyyətli olmasına dəlalət etmir”

Universitetlərdə təhsil haqqı yüksəkdir. Xüsusən müasir dövrün tələbinə uyğun ixtisasların təhsil haqqına yaxın durmaq olmur. Üstəlik, ali məktəbə daxil olan tələbədən birinci kursun ödənişi tam və güzəştsiz tələb edilir. Nəticədə Azərbaycanda təhsilin əlçatanlığını təmin etmək məqsədilə həyata keçirilən islahatlara “kölgə” düşür.

 

Universitetlər bu məsələdə öz arqumentini səsləndirir, tələbində haqlı olduğunu əsaslandırmağa çalışır. Bəs, haqlıdırlarmı?

 

“Azərbaycan müəllimi” məsələni Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayevlə birgə araşdırmağa çalışıb.

 

- Əfqan müəllim, öncə təhsil haqqını kimin müəyyənləşdirdiyinə aydınlıq gətirək. Bu qərarı kim verir?

 

- Bu barədə hər bir universitet özü qərar verir. Fakültələr üzrə qiymətlər müəyyənləşdirilir. Mütəxəssislər qərar verəndən sonra universitet Elmi Şurasının müzakirəsinə çıxarılır. Burada verilən  qərar Təhsil Nazirliyinə, Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə və Dövlət İmtahan Mərkəzinə təqdim olunur.

 

- Bəs, mütəxəssislər ixtisasın dəyərini nəyə əsasən müəyyənləşdirirlər? Ümumiyyətlə, təhsil haqqının formalaşmasında hansı parametrlər nəzərə alınır?

 

- Birinci və əsas parametr bazar qanunlarıdır: tələb və təklif. Bazar nəyi tələb edirsə, həmin sahə üzrə mütəxəssis hazırlayanlar da bu fürsəti dəyərləndirərək daha çox qazanmağa çalışırlar. Axı, həmin məhsulu bazar gözləyir. Müəssisə bilir ki, bu sahə üzrə kadrı hazır olan kimi, onu işə götürəcəklər. Kadr da bu sahə üzrə dərhal iş tapa biləcəyinə əmin olduğundan tələb olunan istənilən məbləğdə təhsil haqqını ödəyib həmin ixtisasa yiyələnməyə çalışır. Bu, bizdən asılı olmayan parametrdir. İkincisi, bir az da subyektiv amillərdən asılı olan parametrlər var. Burada subyekt ali təhsil müəssisəsinin özüdür. Tutaq ki, universitet hesab edir ki, onun hər hansı ixtisas üzrə buraxdığı kadr başqa ali təhsil müəssisələrinin eyni ixtisas üzrə buraxdığı kadrdan daha keyfiyyətlidir. Bunun üçün əlində əsasları da ola bilər. Ənənəsi, müəllimlərinin daha keyfiyyətli olması, xaricdə təhsil almış, ya da xaricdən dəvət olunan mütəxəssislərin dərs deməsi, maddi-texniki bazanın daha güclü, təhsil mühitinin daha əlverişli olması və s. Bu arqumentlərlə çıxış edən istənilən universitet ixtisaslar üzrə daha yüksək təhsil haqqı tələb edə bilər. Tutaq ki, ADU-da ingilis dili müəllimliyi üzrə təhsil haqqı 2500 manatdır. Çünki əmək bazarında ingilisdilli mütəxəssislərə daha çox ehtiyac var. Alman dili müəllimliyinə Azərbaycan bazarında tələbat yoxdur. Söhbət dildən yox, ixtisasa olan ehtiyacdan gedir. Bu amili nəzərə alıb alman dili müəllimliyi ixtisası üzrə təhsil haqqını 1500 manat olaraq müəyyənləşdirmişik. Odur ki, kim keyfiyyətli təhsil almaq istəyirsə, həmin təhsil haqqını ödəyib oxuyacaq. Keyfiyyəti kim müəyyən edir, həmin təhsil müəssisəsi bu iddialarında nə qədər haqlıdır? Bunlar məsələnin başqa bir tərəfidir.

 

Universitetin reytinqi rəqabətin formalaşmasına təsir edir

 

- Təsdiq olunması üçün qiymətlərin Təhsil Nazirliyinə göndərildiyini vurğuladınız? Qurumun mövqeyi bu məsələdə necə olur? Təhsil Nazirliyi keyfiyyətin müəyyənləşdirilməsində iştirak etmir?

 

- Universitetin verdiyi təhsilin keyfiyyəti ilə bağlı iddialarının nə qədər əsaslı olması hazırlanan kadrların keyfiyyətində özünü göstərir. Bu səbəbdən onların təsdiq edib Təhsil Nazirliyinə göndərdiyi rəqəmlərə də müdaxilə olunmur. Nazirlikdə hesab edirlər ki, universitetin nüfuzu qiymətə uyğun deyilsə, heç kim getməyəcək, ixtisas yerləri boş qalacaq. Yaxşı təhsil verir, reytinqi yüksəkdirsə, təhsil haqqının yüksək olmasına baxmayaraq, təhsilalan çox olacaq. Təcrübə göstərir ki, doğru fikirləşirlər. Çox yüksək təhsil haqqına baxmayaraq, hətta ödənişli yerlərdə böyük rəqabət mühiti yaranan təhsil müəssisələri var. Universitetin cəmiyyətdəki reytinqi rəqabətin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir. Həmin reytinqə görə, ADU dil hazırlığı üzrə ölkədə aparıcı yerə sahibdir. Elə ixtisaslar var ki, Dillər Universitetində başqa ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək təhsil haqqı tələb olunur. Tutaq ki, bayaq qeyd etdiyimiz ingilis dili müəllimliyi üçün Azərbaycanın başqa universitetlərində daha aşağı təhsil haqqı qoyulub. Ancaq Azərbaycan Dillər Universitetində bu ixtisas üzrə təhsil haqqı yüksəkdir. Çünki ADU ənənəvi olaraq ingilis dili müəllimi hazırlayan universitetdir. Ona görə də hesab edirik ki, bizim müəllimlərimiz bu sahə üzrə daha kamil mütəxəssislərdir. Proqramımız daha mükəmməldir. Xarici əlaqələrimiz başqa təhsil müəssisələrindən daha yaxşıdır. Bunları nəzərə alanda, bizim hazırladığımız kadrlar daha keyfiyyətli hesab oluna bilər. Ancaq başqa universitetlərlə müqayisədə çox aşağı qiymətlər qoyduğumuz ixtisaslar da var. Məsələn, regionşünaslıq üzrə təhsil haqqı 1000 manatdır. Ümumiyyətlə, ADU-da ödənişli ixtisaslar üzrə qiymətlər 1000-2500 manat arasında dəyişir. Dövlət sifarişi əsasında olan ixtisasların qiymətlərini dövlət müəyyənləşdirir. Bir tələbə üçün 1700-2300 AZN müəyyənləşdirilib. Həmin məbləğ eyni ixtisas üzrə ödənişli təhsil alan tələbənin təhsil haqqından cüzi aşağıdır.

 

- Belə çıxır ki, keyfiyyəti bazar müəyyənləşdirir?

 

- Tutaq ki, maşın istehsal edən çoxsaylı şirkət var. Onlardan bir neçəsi öz məhsullarına yüksək qiymət qoyur və hesab edir ki, onun maşınları bu dəyərdədir. Səbəb olaraq da bazarı göstərir. Keyfiyyəti, dözümlülüyü, rahatlığı ilə bazarın tələbinə uyğun olduğunu iddia edir. Ənənə üstündə qurulan komponentdən çıxış edərək qiymətlər qoyulur. Ola bilər ki, ən çox satılan ən keyfiyyətli yox, ən ucuz maşın olar. Bazarda kütləvi istifadə üçün nəzərdə tutulan ucuz məhsullar da var, az sayda, yüksək keyfiyyətdə bahalı məhsullar da. Dünyadakı universitetlər də belədir. Həm bahalı universitetlər var, həm də ucuz. Məsələn, Harvard Universiteti dünyada təhsil haqqına görə ən bahalı ali təhsil müəssisələrindəndir. Ucuz və keyfiyyətli təhsil verən universitetlərin də sayı az deyil. Universitetdə təhsil haqqı yüksəkdirsə, bu, orada təhsilin daha keyfiyyətli olmasına dəlalət etmir. Məsələn, Harvard Universitetində təhsil almışam və burada bütün ixtisaslar üzrə keyfiyyətli kadr hazırlandığını demək olmaz. Keyfiyyətdə proqramla yanaşı, onun ötürülməsi və qəbulu da rol oynayır. Yəni tətbiq edilən proqramı tələbənin necə mənimsəməsi də önəmlidir. Yəqin ki, 300 balla ali məktəbə qəbul olunan tələbənin proqram qəbuletmə keyfiyyəti 690 balla tələbə adı qazanan tələbənin proqram qəbuletmə keyfiyyətindən aşağı olmalıdır. “Tələbə hər hansı ixtisas üzrə məhz burda oxusa, keyfiyyətli mütəxəssis olacaq” fikri real deyil. Burada iki tərəf var: təhsilverən və  təhsilalan. İkisinin də parametrləri biri-birinə uyğun gəlməlidir ki, nəticə də yüksək olsun. Keyfiyyətli təhsil verməklə məsələ bitmir. Təhsilalan da eyni keyfiyyətlə qəbul etmirsə, burada yüksək səviyyəli mütəxəssisdən danışmaq yersizdir. Çünki hamının intellekt səviyyəsi eyni deyil.

 

Bəhanələr təhsil haqqını qaldırmaq üçün səbəb deyil

 

- Barəsində danışdığınız subyektiv amillərdə ali təhsil müəssisələri kommunal xərclərinin çoxluğunu, saxlanma xərclərinin böyük olduğunu, Tarif Şurasının qərarlarını, inflyasiya və başqa amilləri əsas gətirib təhsil haqqını qaldıra bilərmi?

 

- İndeksasiya olunmalıdır. Ancaq hər dəfə indeksasiyanı bəhanə gətirib təhsil haqqını artırmağa da ehtiyac yoxdu. Çünki dövlət də qiymətlərin süni şəkildə artırılmasına yol verilməməsi üçün vəziyyəti nəzarətdə saxlayır. Universitet çox iddia irəli sürə bilər, ancaq bu, iddialarının hamısını tətbiq edəcəyi anlamına gəlməz. İşıq pulunun artdığını əsas gətirib təhsil haqqını qaldırırsa, buna haqqı çatmır. Çünki ölkə başçısının sərəncamı ilə kommunal borc şəklində yığılan milyonlarla vəsait silindi. Bununla da dövlət universitetlərə, o cümlədən büdcədən maliyyələşən təşkilatlara yeni nəfəs verdi. Yaxud, bu gün benzinin qiyməti artdısa, bunun təhsilə nə dəxli var. Benzinin qiymətinin artdığını bəhanə göstərib təhsil haqqını artırmaq olmaz. Maaş artımını da əsas gətirə bilməz, çünki maaş da Prezident sərəncamı ilə tənzimlənir. Bəhanə həmişə var, ancaq həmin bəhanələr təhsil haqqını qaldırmaq üçün səbəb deyil.

 

- Təhsil haqqı necə ödənilməlidir? Bir çox ali təhsil müəssisəsi qəbul olanlardan təhsil haqqını almadan sənədlərini qəbul etmir. 2017-2018-ci tədris ilinin əvvəlində bu səbəbdən yüksək balla təhsildən kənarda qalanlar olduğu üçün məsələ geniş müzakirələrə səbəb oldu. Hətta bəzi rektorlar iddia edir ki, dünya universitetləri təhsil haqqı ödənməyən tələbənin sənədlərini qəbul etmir.

 

- Azərbaycanda tətbiq edilən qaydaya görə, yüksək balla ali məktəbə qəbul olunanlar dövlət sifarişli yerlərdə təhsil alır. Tələb olunandan aşağı bal toplayanlar təhsil haqqını özü ödəməlidir. Tələbə götürdüyü semestrin, fənnin pulunu verməlidir.Tələbənin proqramı 4 illikdir. 4 ildə 240 kredit toplamalıdır. Dövlət sifarişli yerlərdə təhsil alan tələbəyə də dövlət sadəcə 4 il təhsil haqqı ödəyir. Bu müddət ərzində o, təhsilini tamamlaya bilməsə, dövlətin ümidlərini doğrultmasa, beşinci il həmin tələbəyə görə dövlət təhsil haqqı ödəmir. Ondan sonra tələbə neçə il oxumalı olsa, təhsil haqqını özü ödəyir. Öz hesabına oxuyanlara gəlincə, onlar nə qədər fənn götürürsə, onun pulunu verib oxumağı məsləhətdir. İndi pulu azdır, 5 yox, 4 fənn götürəcək. Ali məktəbi 4 ilə yox, lap 4 il yarıma, 5 ilə bitirəcək. Dünyada ali məktəbə daxil olanların hamısı təhsilini 4 ilə tamamlamır ki. Ümumiyyətlə, məzunluq faizi, ali məktəbi 4-cü kursda bitirmək heç vaxt 100 faiz olmur. Ən yaxşı halda 100 nəfərdən 80-i təhsilini 4-cü kursda tamamlaya bilər. Bizdə bu faiz çox yüksəkdir -100 faiz, bəzən 99 faiz olur. Amma getdikcə vəziyyət dəyişəcək.

 

- Əslində, hamı 4 ilə bitirməməlidir?

 

- 100 adamın hamısının beyni eyni səviyyədə deyil axı. Hamı proqramı eyni səviyyədə mənimsəyə bilməz. Ona görə də bu məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. Bu baxımdan, ali məktəbə daxil olana “Birinci kursun pulunu ver, sonra sənədlərini qəbul edim” prinsipi doğru deyil. Təhsil haqqını sonradan ödəyəcəyinə dair o qədər müraciətlər olur ki. Universitet rektorlarına edilən belə müraciətlər müsbət cavablandırılmalıdır. Təhsilalan onsuz da bu vəsaiti ödəyəcək. Bu gün onun tələb olunan vəsaiti yoxdursa, buna görə təhsil almaq hüququndan məhrum olursa, başadüşülən deyil. İlin sonunadək həmin vəsait ödənəcək. Tələbə təhsilini tamamlayanda universitetə borcu qalmamalıdır. Əks halda, onun diplomu verilmir. Düzdür, bəzən pulu olsa da, güzəştdən sui-istifadə edənlər də olur. Ancaq təcrübə göstərir ki, əksəriyyət ödəməni sırf imkansızlıqdan gecikdirir. Ona görə də ən yaxşısı, bu qaydalardır: insan götürdüyü fənnin pulunu verər. Axı, tələbə universitetə bir il əvvəldən niyə pul verməlidir? Bəlkə heç ilin sonunadək təhsil almayacaq?  Birinci semestrdən sonra bəlkə çıxıb getmək istəyəcək? Getməyə də haqqı çatır. Niyə bir illik ödəniş etməlidir?  Birinci semestr nəyi oxuyursa, onun pulunu ödəməlidir. Məhz birinci kursun ödənişini əvvəlcədən tələb etmələrinin nəticəsidir ki, sonradan ödənilən məbləği geri qaytarmaq tələbi ilə üz-üzə qalan universitetlər, təhsil müəssisələri var. Birinci kursun ikinci semestrindən xaricə çıxıb gedən tələbə oxumadığı semestrə görə ödədiyi pulun geri qaytarılmasını tələb edib. Tələbə bu tələbində tamamilə haqlıdır. Oxumadığı fənlərin pulunu ondan əvvəlcədən alıblar. Belə bir qayda var: qeydiyyat hər semestrdə aparılır. Tələbə qeydiyyatdan keçərkən həmin semestrdə hansı və neçə fənni oxumaq istədiyini bildirməlidir. Biz bütün birinci kurslara 6 fənn təklif edirik. Ancaq onların hamısı 6 fənni oxumaya da bilər. 4-nü götürüb ancaq onun pulunu ödəmək istədiyini deyə bilər. Belə də olmalıdır.

 

- Amma bu qayda tətbiq edilmir...

 

- Bəli, yoxdur. Nə tələbələr buna hazırdır, nə də universitetlər.

 

- Bəs, ADU-da bu qayda tətbiq edilirmi?

 

- Bəli.

 

Məzunlarımızın neçə faizi iş tapırsa, keyfiyyət göstəricimiz həmin faizə uyğundur

 

- Sizcə, ADU-da təhsil haqqı ilə reytinqiniz üst-üstə düşürmü? Yüksək təhsil haqqı bahasına da olsa, ADU tələbəsi olmaq istəyənlərin sayı çoxdur?

 

- ADU-da bir neçə ildir ki, təhsil haqqı artmayıb. Nə ödənişli, nə də dövlət sifarişli yerlərin qiyməti dəyişib. Reytinqimizə gəlincə, universitetimizdə dövlət sifarişli yerlərə qəbul olunanların sayı artıb. Bu da təhsil müəssisəsinin reytinqinin yüksək olduğunun göstəricisidir.

 

- Dövlət sifarişli yerlərə qəbul olunanların çoxalması ödənişli yerlərə qəbul olunanların azalması deməkdir. Bu, universitetin maddi vəziyyətinə təsir göstərməyib?

 

- Çox böyük təsir etmir.

 

- Amma keyfiyyətə böyük təsir edir...

 

- Yüksək balla daxil olan tələbə universitet üçün daha az iş, daha keyfiyyətli nəticə deməkdir. Aşağı ballı tələbə ilə daha çox işləməli oluruq. Ancaq yüksək balla daxil olanlar həmin ali təhsil müəssisəsinin keyfiyyət göstəricisi deyil, universitetin reytinq göstəricisidir. Keyfiyyət göstəricisi son məhsulda olur. 100 nəfər məzunumuzdan neçə faizi iş tapırsa, keyfiyyət göstəricimiz də həmin faizə uyğundur. Universitetin keyfiyyəti onun diplomunu daşıyanların əmək bazarında özünü necə doğrultmaları ilə ölçülür.

 

- ADU-da keyfiyyət göstəricinizi hesablayan mərkəz fəaliyyət göstərir...

 

- Bəli, İş və Karyera Mərkəzi məzunlarımızın əmək bazarında iş tapmağına kömək göstərir, müxtəlif əmək yarmarkaları təşkil edir. Mütəxəssis istəyən təşkilatların universitetdə təqdimatını keçirir, onların tələbə və professor-müəllim heyəti ilə görüşləri təşkil olunur. Həmin görüşlərdə iş adamları məzunlarımızdan hansı gözləntiləri olduğunu qeyd edirlər. Axı, məzunlarımızda nə olmalıdır, hansı keyfiyyətlər yoxdur, bunu işəgötürənlər daha yaxşı bilirlər. Bu görüşlər imkan verir ki, əmək bazarının şikayətlərinə daha az qulaq asaq. Yəni, tələb tədrisdə nəzərə alındığından, məzunlarımızdan şikayət azalır.

 

 

Ruhiyyə DAŞSALAHLI



20.04.2018 | 14:19