ADU-da “Açıq qapı” günləri keçirilib

29-30 iyul tarixlərində Azərbaycan Dillər Universitetində (ADU)  ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri keçirilib.

 

Elm və innovasiya məsələləri üzrə prorektor Sevinc Zeynalova universitetin rəhbərliyi adından qonaqları salamlayıb. ADU-nun nüfuzundan söz açan natiq qeyd edib ki, hər bir abituriyent qarşısına qoyduğu məqsəd və vəzifəyə çatmaq üçün ixtisas seçimində diqqətli olmalıdır. Dillər Universiteti abituriyentlərə geniş imkanlar açır. Hər kəs əyani şəkildə universitetin maddi-texniki bazası ilə tanış ola bilər. Yaradılan şərait müəllim və tələbələr üçün mühüm imkanlara yol açır.

 

Təşkilati məsələlər üzrə rektorun müşaviri Seyfəl Həsənov artıq burada olan abituriyentlərin ixtisas seçimini etdiyindən yəqinliyini vurğulayıb.

 

Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov abituriyentlərə uğurlar arzulayıb, ADU-nu seçməkdə böyük uğura sahib olacaqlarını söyləyib. Onların gələcəkdə iş imkanlarının, karyera yüksəlişinin məhz ADU-dan keçməsinin zəruriliyini vurğulayıb.

 

Tələbələrlə iş və tərbiyə  şöbəsinin müdiri Sərraf  Hüseynov hər bir abituriyentin ADU-nun tələbəsi olması arzusunda olduğunu bildirib. O, universitetdə fəaliyyət göstərən fakültələr və mərkəzlər haqqında ətraflı məlumat verib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan S.Hüseynov həyata keçirilən mübadilə proqramlarından danışıb: “Son 5 ildə keçirilən beynəlxalq tədbirlərdə və humanitar forumlarda 10 minə yaxın tələbəmiz könüllü olaraq iştirak ediblər. Onlar tərcüməçi kimi fəaliyyət göstərməklə yanaşı bələdçi funksiyasını da yerinə yetiriblər”. 

 

S.Hüseynov universitetdə həyata keçirilən “Bir günlük xəlifə”, “Səfir saatı” layihələri haqqında məlumat verib,  ADU tələbələrinin məcburi köçkün məktəblərində də təcrübə keçdiklərini diqqətə çatdırıb. O, bu yay Azərbaycanın bir çox bölgələrinə 50-yə yaxın tələbənin yay məktəbinə göndərildiyini də bildirib.

 

Sonda universitetlə daha yaxından tanış olmaq üçün infotur təşkil olunub.

 



30.07.2019 | 19:58