500-ə qədər bal toplayanların sayı bu il daha çoxdur

31 iyul saat 14.00-a olan məlumata görə, I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46814 nəfər olsa da, hələlik təsdiq olunan  ərizələrin sayı 32202-dür. V ixtisas qrupu üzrə 4623, subbakalavrlar üzrə isə 6925 ərizə təsdiq olunub.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DIM) sədri Məleykə Abbaszadə qurumun Direktorlar Şurasının növbəti iclasında məlumat verib.

 

2019-cu ilin birinci yarım ilinin yekunları ilə bağlı danışarkən M.Abbaszadə qeyd edib ki, bu dövr ərzində DIM tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssiələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssiələrin qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak edib. Bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında elə də ciddi fərq qeydə alınmadığını vurğulayan M.Abbaszadə nəticələri ötən illə də müqayisə edib. Onun sözlərinə görə, Abituriyentlərin yaz və yay imtahanlarındakı nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir: “Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxsaq, I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək”.

 



01.08.2019 | 16:12