Yay liderlik məktəbinin iştirakçıları ilə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, “LEAD Education” Tədris Mərkəzi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə “Gələcəyin qurucuları II” yay liderlik məktəbinin altıncı günü iştirakçı tələbələr üçün çox əlamətdar olub.

 

ADPU-un rektoru, professor Cəfər Cəfərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər nümayəndələr düşərgədə olublar. Onlar düşərgə iştirakçıları ilə ümumi görüş keçirib, onların təəssüratları, ictimai və tədris fəaliyyəti ilə bağlı suallarını cavablandırıb, komandaların sosial proqramları ilə tanış olublar.

 

Görüşdə Qubanın regional mərkəz rolu oynamaqla böyük potensiala malik olduğu və bölgədə olan yeganə ali təhsil müəssisəsi olan ADPU-un Quba filialının regionun sənaye və iqtisadi xüsusiyyətlərini nəzərə alaraq spesifik ixtisasların tədrisi ilə daha da əhəmiyyətli rol oynaya biləcəyi vurğulanıb.

 

Xatırladaq ki, “Gələcəyin qurucuları II” yay liderlik məktəbi ADPU-nun Quba filialında təşkil olunub.

 



07.08.2019 | 11:22