Hafiz Paşayev: “Olimpiadada iştirak edən şagirdlərimizə imtiyazlı təhsil təklif edirik”

“Ümid edirəm ki, bu yarışın qalibləri bizim gələcək tələbələrimiz sırasında olacaqlar”. Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev deyib. O, 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən komanda üzvlərinin hər birinə ADA-da imtiyazlı təhsil vəd edib.

 

“ADA universiteti Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının nəticələrindən bəhrələnəcək”- deyən rektor vurğulayıb ki, ADA Universiteti 2013-cü ildə yaradılanda “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə hazırlığa başlayıb. Həmin ixtisaslar üzrə hazırladıqları kadrların dünyanın aparıcı şirkətlərində çalışdıqlarını fikirlərinə ələavə edən rektor bildirib ki, ADA-da verilən son qərara əsasən,  respublika və beynəlxalq olimpiadaların qaliblərinə universitetə qəbul zamanı üstünlük veriləcək: “Tələbələrimizin azı 30 faizi istedadlılardır. Məhz istedadlı şagirdləri universitetimizə cəlb etmək üçün müəyyən güzəştlərimiz olub. Ancaq Elmi Şuranın sonunucu toplantısında belə qərar verilib ki, qəbul zamanı beynəlxalq olimpiadaların iştirakçılarına da  üstünlük verilsin. Nəinki beynəlxalq, respublika fənn olimpiadalarının qalibləri də universitetimizdə imtiyazlı təhsil ala biləcəklər. 31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak edən şagirdlərimizi də universitetimizə dəvət edəcəyik. Bu yarışda iştirak edən şagirdlərimizin hər birinə universitetimizdə imtiyazlı təhsil təklif edirik”.

 



07.08.2019 | 16:27