1176 şagird yerlik məktəb binası əsaslı təmir olunur

Xaçmaz şəhər 1176 şagird yerlik Cəfər Cabbarlı adına 6 nömrəli  tam orta məktəbdə əsaslı təmir işləri aparılır.

 

Bu barədə “Azərbaycan müəllimi”nə Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova  məlumat verib. O bildirib ki, 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yaramırdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.

 

Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq. Artıq binada söküntü işləri başa çatdırılıb. Hazırda suvaq işləri görülür, dam örtüyünün dəyişdirilməsi həyata keçirilir.

 

Cari ilin iyul ayından başlanılan əsaslı təmir işlərinin 2020-ci ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulub.

 

Təmir işləri ilə əlaqədar məktəbin şagirdləri yeni tədris ilində müvəqqəti olaraq yaxınlıqdakı digər təhsil ocaqlarına yerləşdiriləcək.

 

 

Şakir CƏFƏROV

 



08.08.2019 | 16:27