“Hungaricum” təqaüd proqramını qazanan azərbaycanlı tələbələrlə görüş

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə Macarıstanın Azərbaycandakı səfirliyi “Hungaricum” təqaüd proqramını qazanmış azərbaycanlı tələbələrlə görüş keçirib. 

 

Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi, səfirliyin mədəniyyət və təhsil işləri üzrə attaşesi Mixay Qruber və Macarıstanda təhsil hüququ qazanmış tələbələr iştirak ediblər.

 

Görüşdə “Hungaricum” təqaüd proqramı haqqında geniş məlumat verilib. Bildirilib ki, Macarıstanda ali təhsil almaq üçün hər il minlərlə tələbə müraciət edir və 2019/2020-ci tədris ilində də 5000-dən çox tələbə “Hungaricum” proqramı  çərçivəsində Macarıstanda təhsilə başlaya bilər.

 

Bu təqaüd proqramını Macarıstan hökuməti 2013-cü ildən həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı iki dövlət arasında saziş imzalanıb və 2015-ci ildən proqram tətbiq olunur. “Stipendium Hungaricum” proqramı hər il azərbaycanlı tələbələr üçün Macarıstan hökuməti hesabına 200 təqaüd verir. Təqaüd aşağıdakı müddəaları əhatə edir: təhsil haqqı, Macarıstan qanunlarına uyğun olaraq aylıq təqaüd, yataqxana və ya təqaüdün bütün müddəti ərzində yaşayış üçün aylıq ödəniş, tibbi xidmətlər üçün əlavə tibbi sığorta.

 

Tədbirdə təqaüd proqramını qazanmış iştirakçıların, həmçinin digər tələbələrin Macarıstandakı həyat haqqında daha çox məlumat əldə edə bilmələri üçün Azərbaycan Macar Gənclər Birliyinin üzvləri ilə görüşmələri tövsiyə edilib. Görüşdə, həmçinin azərbaycanlı tələbə icmalarının Macarıstandakı fəaliyyəti müzakirə edilib.

 



09.08.2019 | 14:25