Süni intellekt tələbələri qiymətləndirəcək

Təhsil sistemində süni intellektin təsir dairəsi genişlənməkdədir. Tamamilə mümkündür ki, yaxın vaxtlarda süni intellekt təhsildə geridə qalan tələbələrin ali məktəbdən kənarlaşdırılmasına cəlb olunacaq.  Rəqəmsal məlumatlara istinad edən süni intellekt  tələbələrin davamiyyətini, mühazirələrdə fəallığını, ictimai həyatda iştirakını və davranışlarını qiymətləndirəcək. 


Əldə olunmuş informasiyanın təhlilindən sonra ali məktəblərin rəhbərliyi pis oxuyan tələbəyə davranışları ilə bağlı xəbərdarlıq olunmasına və ya universitetdən kənarlaşdırılmasına,  yaxşı oxuyanların isə həvəsləndirilməsinə, onlar üçün əlavə məşğələlərin təşkil olunmasına qərar verəcək.


Rusiyanın EDCrunch Elmi Tədqiqat Texnologiyalar Universitetinin direktoru Nurlan Kiyasov hesab edir ki, süni intellekt müəllimlərdə  tələbələrə qarşı  qabaqcadan mənfi rəyin formalaşması kimi halları  aradan qaldırmağa imkan verəcək.


Sistemin yoxlanması üçün bir neçə  ali məktəb seçiləcək.  Sistemin tətbiqinə artıq  bu ildən başlanılacaq, 2021-ci ildən isə ayrı-ayrı universitetlərdə qüvvədə olacaq. N.Kiyasov qeyd edir ki,  süni intellektin tövsiyələri icraya məcburi olmayacaq, tələbənin taleyi haqqında qəti qərarı dekanatlar qəbul edəcək.

 

Rusiyanın Təhsil Nazirliyinin məlumatına görə, ötən  il müxtəlif səbəblərdən ali məktəblərdən kənarlaşdırılmış  tələbələrin sayı 16,8 faiz təşkil edib.  Ekspertlər hesab edirlər ki, süni intellektin tətbiqi bu göstəricini 10 faizə qədər azaltmağa imkan verəcək.

 

 

Oruc MUSTAFAYEV

 



14.08.2019 | 13:54