Baltikyanı ölkələr elmi dərəcə və adların verilməsində hansı modeldən istifadə edir?

Baltikyanı ölkələr müstəqilliklərini əldə etdikdən sonra elmi dərəcə və elmi adların verilməsində keçmiş Sovet sistemindən imtina etmiş və bu sahədə Anqlo-sakson və Qitə Avropası modellərinin qarışığı olan bir model formalaşdırmışlar. Sovet sistemindən imtina etdiklərindən müstəqillik dövründə bu ölkələrdə Ali Attestasiya Komissiyası adlı mərkəzi dövlət qurumu da olmamışdır. Avropa İttifaqına üzvlük,  Boloniya prosesinə keçid və Anqlo-sakson ali təhsil modelinin dünyada geniş yayılmağa başlaması bu ölkələrdə də son illər elmi dərəcə və adların verilməsində ABŞ modeli istiqamətində dəyişikliklərin aparılmasına meyli gücləndirmişdir.

 

Qeyd edilən ölkələrdə elmi dərəcə və adların verilməsi, onların nostrifikasiyası sahəsində əsas standart və prosedurlar, müvafiq qanunlar (əsasən ali təhsil və elm haqqında qanunlar) və hökumətin (müvafiq nazirliyin) təsdiq etdiyi qaydalar əsasında müəyyən edilir. Bu qaydaların müəyyən edilməsində Litvada hökumət  və parlamentin, Latviyada isə Elm və Təhsil Nazirliyinin kollegial məsləhət orqanları olan “Elm Şuralar” mühüm rol oynayır. Ancaq elmi dərəcə və elmi adların verilməsi, Gürcüstanda olduğu kimi, universitetlər tərəfindən həyata keçirilir.

 

Gürcüstanda olduğuna oxşar şəkildə bu ölkələrdə də ali təhsil müəssisələrinin təsnifatı aparılmış və “doktor (PhD)” elmi dərəcəsi yalnız bakalavr, magistr və doktorantura təhsil pillələrinin olduğu “universitet” tipli ali təhsil müəssisələri tərəfindən verilir. Müstəqillikdən sonra Latviya və Litvada “doktor (PhD)” elmi dərəcəsi ilə yanaşı, Qitə Avropasındakına bənzər şəkildə “doktor habilitat” elmi dərəcəsi də verilirdi, ancaq 1999-cu ildə Latviya bu elmi dərəcəni ləğv etmiş və hər iki dərəcəni vahid “doktor (PhD)” elmi dərəcəsi kimi qəbul etmişdir.

 

Bu ölkələrdə universitetlərdə verilən elmi ad və vəzifələr, onların tutulması qaydaları müvafiq qanunlarla müəyyən edilmişdir. Hazırda mövcud qanunvericiliyə görə Baltikyanı ölkələrdə ardıcıl olaraq “assistent”, “müəllim”, “dosent”, “assosiativ professor” və “professor” elmi vəzifələri tətbiq edilir. Eyni zamanda “professor emeritus” fəxri adı da verilir.

 

Universitetlərdə bütün elmi vəzifələr müəyyən müddət üçün (5 və ya 6 il) seçki yolu ilə tutulur. Seçkilər, onların prosedurları qanunvericiliyə uyğun olaraq universitetlərin kollegial orqanları (əsasən Senat) tərəfindən keçirilir. Latviyada “assosiativ professor” və “professor” vəzifələrinə namizədləri universitetlərdə müvafiq istiqamət üzrə yaradılmış “Professorlar Şurası” seçir,  rektor təsdiq edir; digər elmi vəzifələrə namizədləri isə fakültə elmi şurası seçir və universitet elmi şurası təsdiq edir. Hər üç ölkədə “assosiativ professor” və “professor” elmi vəzifələri üçün “doktor (PhD)” elmi dərəcəsinin olması mütləq şərtdir.

 

Bu ölkələrdə də elmi adlar, universitetlərdəki müvafiq vəzifəni əks etdirir və yalnız müvafiq universitetdə işləyən zaman istifadə edilir.

 

 

Elşən BAĞIRZADƏ,

iqtisad üzrə fəlsəfə doktoru

 



17.08.2019 | 11:21