420 balakənli məzundan 258-i tələbə adını qazanıb

Builki qəbul imtahanlarının nəticələri Balakən rayonunun məzunları üçün də uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 420 nəfər balakənli məzundan 258-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 5 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

 

Redaksiyamıza daxil olan məlumata görə, qəbul imtahanlarında Tülü kənd 1 nömrəli tam orta məktəbinin məzunu Jalə Nastakalova 655 bal toplayaraq Balakən rayonu üzrə ən yüksək nəticəyə nail olub. O, Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alacaq. İmtahanlarda yüksək bal toplayan məzunlar arasında Qaravəli kənd tam orta məktəbin yetirmələri də var. Məktəbin məzunlarından Rəsul Balamedov və Şamil Vasanov müvafiq olaraq 645 və 622 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin və Bakı Mühəndislik Universitetinin tələbəsi adını qazanıblar.

 

Eyni zamanda, tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şəhər 1 nömrəli tam orta məktəbin məzunu Elmir Ustayev isə Təhsil Nazirliyi tərəfindən gümüş medala layiq görülüb.

 

 

Şakir CƏFƏROV

 



19.08.2019 | 19:49