Türkiyənin Yıldız Teknik Universitetinin rektoru BMU-da olub

Türkiyənin Yıldız Teknik Universitetinin rektoru, professor  Bahri Şahin və   dekanı dr. Sezgin Bakırdere Bakı Mühəndislik Universitetində olub.

 

Görüşdə  BMU-nun rektoru, professor  Havar Məmmədov  Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsildə də yüksək səviyyədə olduğunu qeyd edib. Rektor qonaqlara  Bakı Mühəndislik Universitetinin fəaliyyəti və hədəfləri   barədə ətraflı məlumat verib. Qeyd edib ki, universitetin kadr potensialı və maddi-texniki bazası yüksək səviyyədədir. İxtisasların əksəriyyətində tədris  ingilis dilində aparılır və universitetdə geniş imkanları olan texnopark da fəaliyyət göstərir. “Bu göstərdiklərim müsbət amil olsa da gənc universitet olduğumuz üçün inkişafımızın sürətlənməsində beynəlxalq əməkdaşlığın rolu böyükdür. Bu baxımdan düşünürəm ki, sizinlə əməkdaşlıq  bizim nəaliyyətlərimizə töhfə olacaq”-deyə rektor bildirib.

 

Yıldız Teknik Universitetinin  rektoru, professor  Bahri Şahin  rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, 37915 tələbənin təhsil aldığı universitetdə 11 fakültə, hər fakültənin tərkibində də bir neçə ixtisas fəaliyyət göstərir. Adından göründüyü kimi texniki universitet olsa da iqtisadi və pedoqoji ixtisaslar da mövcuddur. Universitet dünya üzrə 661 ali məktəblə əməkdaşlıq edir ki, bunlardan da 6-sı Azərbaycan universitetidir. Rektorun sözlərinə görə, bu gündən onların sırasına Bakı Mühəndislik Universiteti də qoşulacaq. Əməkdaşlıq çərçivəsində müəllim–tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar, texnoparklararası layihələr və s. kimi  fəaliyyətlər həyata keçiriləcək.

 

Sonda rektorlar  universitetlər arasında əməkdaşlıq protokolunu imzalayıblar.



23.04.2018 | 11:51