Kazanda peşə təhsili ilə bağlı olimpiada

Rusiyanın Kazan şəhərində 45-ci “WorldSkills” müsabiqəsi keçirilir.

 

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov müsabiqədə qonaq qismində iştirak edirlər.

 

63 ölkə və regiondan 1300-dən çox iştirakçının qatıldığı müsabiqə çərçivəsində 56 növ bacarıq üzrə yarışların keçirilməsi nəzərdə tutulur. 

 

“WorldSkills” müsabiqəsinə bu il 200 000-dən artıq ziyarətçinin və 3 500-dən çox könüllünün qatıldığı qeyd olunur.

 

Tədbir zamanı həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti və “HRD Korea”, eləcə də “WorldSkills Russia” təşkilat komitəsinin üzvləri arasında məhsuldar görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb. Eyni zamanda peşə təhsili müəssisələrinin avadanlıq təchizatı üzrə ixtisaslaşan şirkətlərlə də səmərəli müzakirələr keçirilib. 

 

“Peşə təhsilli kadrların olimpiadası” kimi də tanınan “WorldSkills” müsabiqəsinin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıq və peşələrin inkişaf etdirilməsi, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.

 

Müsabiqə avqustun 27-dək davam edəcək.

 



23.08.2019 | 18:10