“İnnocamp” innovasiya yay düşərgəsi keçiriləcək

29-31 avqust tarixlərində “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunacaq.

 

Düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edəcəklər. 18 komandanı təmsil edəcək 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçiriləcək. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriləcək.

 

Təlim, masterklas və vorkşoplardan ibarət proqramın əsas hissəsi AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutacaq. Təlimlərdən sonra startapçılar öz layihələrini təqdim edəcək və milli finala vəsiqə qazananlar müəyyən olunacaq.

 

Düşərgədə, həmçinin iştirakçılar üçün əyləncə proqramı da nəzərdə tutulub.

 

Xatırladaq ki, “İ2B-İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə həyata keçirilir. Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılır.

 



26.08.2019 | 16:23