Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin nəzdindəki Məşvərət Şurasının fəaliyyət istiqamətləri müəyyən olunub

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin nəzdində Məşvərət Şurasının yaradılması ilə bağlı görüş keçirilib.

 

Özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmisinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktorunun açılış nitqləri ilə başlayıb.

 

Daha sonra ED VET layihəsinin nümayəndəsi layihə haqqında, eləcə də tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

 

Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Kənd Təsərrüfatı İdarəsinin, Dövlət Turizm  Agentliyinin, Dövlət Məşğulluq Xidmətinin, həmçinin 30-dan artıq özəl sektorun nümayəndələri iştirak ediblər.

 

Tədbir zamanı Qəbələ Peşə Təhsili Mərkəzi ilə regionda fəaliyyət göstərən özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılan Məşvərət Şurasının əsasnaməsi müzakirə olunaraq təsdiq olunub. İlk mərhələdə Şura aşağıda qeyd olunan fəaliyyətləri həyata keçirəcək:

 

Tədris planlarının razılaşdırılması;

Kurikulumlara baxılması və təkmilləşdirilməsi;

Sənayenin tələbə qəbulunda iştirakı;

Tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması;

Karyera mərkəzinin yaradılması;

Məktəbdə müəssisə güşələrinin yaradılması.

 

Daha sonra kənd təsərrüfatı və turizm ixtisaslarının tədris planlarına baxış keçirilib və tədris planları üzvlərin iştirakı ilə razılaşdırılıb.

 

Qeyd edək ki, Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

 



05.09.2019 | 10:07