Məntiqi yarış, çətin sual, hazırlıqlı şagird

Dedilər ki, bilik yarışı olacaq. VII -VIII sinif şagirdlərindən ibarət məktəblilər yarışacaq. Xəbəri eşidər-eşitməz insan düşünür: Yay hələ başa çatmayıb. Heç məktəblər də açılmayıb. İlin-günün bu vaxtında bu qədər məktəblini hardan tapıblar ki, bilik yarışı keçirirlər? Hansı məktəblini yay tətilindən ayırıb yarışa, özü də bilik yarışına gətirmək olar?

 

Bu fikirlərlə yarışın keçirildiyi məkana daxil olursan və budur, gördüyün mənzərə ilə düşüncələrindəki arasında böyük bir fərqin şahidisən!

 

Hamısı Bakı məktəbliləridir. Ayrı-ayrı təhsil müəssisələrinin şagirdləri bir olub, bir-biri ilə yarışırlar.

 

Təəccüblüdür? Əslində, yox. Söhbət “Məktəblinin dostu” layihəsinin icraçılarının əməllərindən gedirsə,  artıq heç nə təəccübləndirmir. O gün də “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin bağlanış mərasimi keçirilirdi. Başqa sözlə, “Məktəblinin dostu”, məşhur layihələrindən olan “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Bilik yarışı” ilə yekun vurdu.

 

Yarış ruhu, qələbə əzmi...

 

Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 27 ümumi təhsil müəssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət komandalar üz-üzə gəlib dünyagörüşünün nə qədər geniş olduğunu nümayiş etdirirlər. Qalib olmaq üçün səslənən sualların neçəsinin cavabını biləcəkləri önəmlidir. Kimin verdiyi cavabların sayı çoxdursa, nəzərdə tutulmuş və əvvəlcədən hazırlanmış hədiyyələri də o alacaq. Bu şərtlərlə hamı razıdır  və yarış başlayır. Məktəblərin komandaları qalibiyyət uğrunda mübarizəyə canla-başla qoşulurlar. Bir anda maraq dolu baxışlar yerini sevincə işarə olan alqışlara verir, zal bir neçə dəqiqə içərisində gah susur, gah da kükrəyir. Hiss etdikləri insana harda olduğunu unutdurur. Bilmirsən, beynəlxalq əhəmiyyətli bir olimpiadadasan, yoxsa hətta Bakı şəhərinin belə bütün məktəblərini əhatə etməyən kiçik bir yarışda. Əslində, bunun elə də fərqi yoxdur. Yarış yarışdır. Kiçik, ya böyüklüyündən asılı olmayaraq, hər yarış bir mübarizədir.

 

 “Mübarizə” deyim sizə... Maraq, bilik nümayişi, qələbə əzmi, ən əsası, sevinc hissi, yarış həyəcanı... Hər anı qarışıq hisslər verən bir yarış. Sual səslənəndə maraqdan bərələn gözlər cavab elan olunanda sevincdən parlayır. Yerində dura bilməyən şagirdlərin kağız parçalarına yazıb münsiflər heyətinə ötürdüyü cavabının doğru, yoxsa yanlış olduğunu alqışlarından, hər doğru cavab səslənəndə atılıb-düşməklərindən anlayırsan. Onların keçirdiyi hisslərə biganə qalmaq olmur, bir də görürsən ki, onlara qoşulub səslənən suallara cavab axtarırsan...

 

Hər biri özünü qalib kimi görür. Hər komanda özünü zalın bir kənarına qoyulan müxtəlif ölçülü və rəngli hədiyyələri almağa layiqli namizəd hesab edir. Məktəblilər özünə güvənir. Bu da məktəblinin dostlarının uğuru, onların işinin nəticəsidir.  Bunu “Azərbaycan müəllimi”nə məhz yarışan məktəblilər dedi.

 

“Gəzə-gəzə öyrəndik”

 

Məsələn, VIII sinif şagirdi Özləm Abbaslı ikinci ildir ki, yay məktəbində iştirak edir. Xətai rayon 27 nömrəli tam orta məktəbin şagirdidir: “Məktəbdə belə yarışlarımız çox olur. “Yay məktəbi”ndə öz aramızda, demək olar ki, hər həftə yarışırdıq.  Hər günümüz bir yarış şəraitində keçirdi. Bu yay çox şey öyrəndim. Çox gəzdik, çox gördük, çox oxuduq, çox eşitdik. Məktəblinin dostları onlarla keçirdiyimiz hər dəqiqəni, hər fürsəti dəyərləndirdilər ki, bizə daha çox şey öyrətsinlər. Bilgiləri bizə ötürmək üçün elə yollar seçdilər ki, öyrəndiyimizi çətin ki, unudaq. Ona görə də “Yay məktəbi” mənim üçün əvəzsiz bir yer oldu. Yay tətilimiz çox səmərəli keçdi”.

 

 

Özləm deyir gəzə-gəzə öyrəndikləri onlar üçün daha maraqlı olub: “Bu yay ekskursiyalara apardılar bizi. Quba, Şamaxı və Lənkəranda olduq. Səfərlərimiz çox maraqlı keçdi. Həm gəzdik, həm əyləndik, həm də öyrəndik”.

 

Yayın istisində harda dincəlmək olar?

 

 

Məktəblinin dostlarının sayəsində  “Yay məktəbi”nin davam etdiyi 25 gün ərzində görüb-götürüblər. Şagirdlər bu müddətdə çox suallarına cavab tapıblar. Suraxanı rayonunun Zığ kəndində yerləşən 317 nömrəli tam orta məktəbin şagirdi Əziz Əsgərov da gördüklərindən sonra “yayın cırhacırında ən səmərəli harada dincəlmək olar?” , - sualını cavablandırıb: “Əlbəttə ki,  məktəblinin dostları ilə birgə “yay məktəbi”ndə”!

 

Əzizin sözlərinə görə, “Yay məktəbi”nə gedib-getməməklə bağlı əvvəllər tərəddüd etsə də, sonradan çox maraqlı olub: “Dostlarla gəzinti bu yayı fərqləndirdi, kinoteatra getdik, bulvarda gəzdik”.

 

Yarışa gəlincə. Əziz sualları cavablandırarkən elə də çətinlik çəkməyib: “Yarış məntiqi idi. Orta çətinlik səviyyəsində olan suallar qoyulub. Məktəbdə əlaçı deyiləm. “Riyaziyyat”, “Coğrafiya” və “Fizika” fənlərini maraqla oxuyuram. Qiymətlərim ortadır. “Yay məktəbi”ndə də sevdiyim fənlər üzrə maraqlı tapşırıqlar yerinə yetirdim. Ev tapşırıqları arasında coğrafiyaya aid mövzuları xüsusi həvəslə araşdırırdım. Araşdırdığım mövzu ilə bağlı növbəti gün dostlarım qarşısında təqdimatla çıxış edirdim”.

 

“Evə getmək istəmirdik”

 

 

317 nömrəli tam orta məktəbdə təşkil edilən “Yay məktəbi”ndə ən yaxşıları seçiblər. Bu yarışda təhsil müəssisəsini təmsil etmək üçün 6 nəfər müəyyənləşdiriblər. Onlardan biri də Emil Əlicanzadə olub. “Yay məktəbi”ndə ilk dəfə iştirak edən Emil deyir: “Evdə darıxırdım. Dostlarım “Yay məktəbi”nin əyləncəli, maraqlı olduğunu dedilər. Tez-tez yarışa getdiklərindən danışdılar. Mən də qatılmağa qərar verdim. Deyilən kimi də oldu. Günlərimiz əyləncəli keçdi. Bu yay çox maraqlı idi. Hətta o qədər maraqlı keçirdi ki, günorta saat 2-də evə getmək istəmirdik. Məktəblinin dostları da məktəbdə daha çox qalmağımıza imkan yaradırdılar”.

 

 

Emil Azərbaycan dili fənnini çox sevir. Məktəblinin dostları da onun bu marağını nəzərə alıblar: “Məktəblinin dostu Ləman xanım Azərbaycan dilini yaxşı bilir. O, bu istiqamətdə mənə tapşırıqlar verir, doğru istiqamətləndirirdi. 25 gün ərzində o mənə Azərbaycan dilində biliklərimi artırmağıma kömək etdi”.

 

“Özümüzə güvəndik, yarışdıq”

 

317 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İlkin Nəsirli “Yay məktəbi”nin iştirakçısı olduğu üçün bu yarışa qatıldığını və buna görə özünü çox xoşbəxt hiss etdiyini deyir: “Yay məktəbi”ndə intellektual oyunlar oynayırdıq. Artıq bu yarışa müəyyən mənada hazır idik. Yarış bu istiqamətdə biliklərimizi yoxlamağa bizə kömək etdi. Dünyagörüşümüz artdı”.

 

İlkin deyir ki, məktəblərində artıq 4 ildir fəaliyyət göstərən məktəblinin dostları bu müddət ərzində onlara hər mənada kömək edib: “Dünyagörüşü ilə bağlı bir yarış olacağını eşidəndə qoşulmağa qərar verdik. Özümüzə güvəndik və yarışdıq. Bu yarışın ən fəal komandalarından olduq. Birinci olmağı istərdik, məktəbimiz bizimlə qürur duyardı”.

 

“Məktəblinin dostları bizə özümüzə güvənməyi öyrətdi”

 

Şagirdlərinin qələbəsi ilə başqa bir məktəb qürur duyacaq. Bu yarışın qaliblərindən olan 102 və 3 nömrəli məktəblərdir. “Yay məktəbi”ni bir yerdə keçirən 102 və 3 nömrəli tam orta məktəblərin şagirdləri yarışda da baş-başa verib qələbəyə nail oldular.

 

Bu qələbədə payı olanlardan  Səid Məmmədov və Əli Tağızadə sevinclidirlər. Deyirlər ki, bu qələbədə onlarla yanaşı, məktəblinin dostlarının da payı var: “Məktəblinin dostu Kamandar Əsgərxanov bizi həmişə hazırlaşmağa dəvət edirdi. Bu gün bizə məhz hazırlıqlı olmağımız kömək etdi. Tanışlarımızın bizə inamsız yanaşmasına baxmayaraq, biz yarışdıq və qalib olduq. Çünki məktəblinin dostları bizə yarışmaqla yanaşı, özümüzə güvənməyi öyrətdi”.

 

Qazanmağı vərdişə çevirənlər

 

Hər gün yarışır, sadəcə yarışmağı deyil, həm də həyəcanlanmamağı öyrənirlər. “Yay  məktəbi”ndə şagirdləri hər gün yarışdırıb, hər günün bir yarış olduğuna alışdırırlar. Tapşırıqlarını yerinə yetirərkən yarışıb, sualları yarışaraq cavablandırırlar. Bu da nəticə. Hər gün yarışa-yarışa bir çox xüsusiyyət qazanıblar. İndi onların mübarizə ruhu var. Hər biri özünə güvənir. Yarışı gündəlik məşğuliyyəti kimi görür, heç həyəcanlanmırlar. Qalib olmağın üstünlüklərini hər gün daha yaxşı anlayırlar. Beləcə, qələbə qazanmağı, uğur əldə etməyi alışqanlığa çevirirlər.

 

“Məktəblinin dostu” hədəflərinə nail olub

 

Yarış bitir. Qaliblər müəyyənləşir. İki hissədən ibarət müsabiqənin nəticəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 102 və 3 nömrəli tam orta məktəblərin birləşmiş komandası I, 72 nömrəli məktəb-liseyin komandası II, 286 nömrəli tam orta məktəbin komandası isə III yerləri tuturlar.

 

Qonaqlar məktəbliləri qələbəsinə görə təbrik edirlər. Qonaqlar arasında  BŞTİ-nin müdiri Rəşad Tağıyev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da var.

 

Bütün qonaqların adından məktəbliləri BŞTİ-nin müdiri Rəşad Tağıyev təbrik edir. Deyir ki, dövlət məktəblilərin sağlam böyüməsi, təhlükəsiz mühitdə yetişməsi üçün bütün imkanlarını səfərbər edib.  Səfərbər olunan həm də “məktəblinin dostları” kimi tanınan gənclərin qüvvəsidir. Artıq 35 məktəbi əhatə edən bu layihə müxtəlif uğurlu layihələrlə bir neçə il ərzində məşhurlaşıb, məktəblilərin sevgisini qazanıb: “Məktəblinin dostu”nun uğurlu layihələrindən danışarkən yay ərzində sizin də iştirakçısı olduğunuz “Yay məktəbi”ndən bəhs etməmək  olmaz. Bu yay da layihə uğurla icra olunub. 2000-dən artıq məktəblini əhatə edib”.

 

Layihənin məqsədlərindən danışan idarə müdirinin fikrincə, “Məktəblinin dostu” hədəflərinə nail olub. Layihənin şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onlara asudə vaxtın səmərəli təşkili vərdişlərinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb: ““Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. Bu yay siz də bu prosesin bir parçası oldunuz. “Yay məktəbi”nin bağlanış mərasimi ənənəvi olaraq bilik yarışı ilə baş verir. Siz builki yarışın da iştirakçısı, qaliblərisiniz. Ümid edirəm ki,  bu yay çox yaxşı dincəldiniz və yeni tədris ilinə tam hazırsınız”.

 

“Məktəblinin dostu” artıq 150 məktəbdə

 

Qeyd edək ki, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya,  idman yarışları və əyləncəli saatlar təşkil edilib.

 

Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Yeni tədris ilindən etibarən “Məktəblinin dostu” pilot layihəsinin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 

Ruhiyyə DAŞSALAHLI



06.09.2019 | 12:20