İnfrastruktur qənaətbəxş olanda...

Yeni dərs ilinə hazırlıq çərçivəsində yeni məktəb binalarının tikintisi və ümumi təhsil müəssisələrinin təmiri davam etdirilir.  Müasir təhsil sisteminin yenidən qurulması, böyüyən nəslin yüksək şəraitə, zəruri infrastruktura malik təhsil müəssisələrində oxuması dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindən biridir. Yeni məktəblər müasir laboratoriyalar, kitabxanalar, kompüter otaqları, emalatxanalar, idman zalları ilə təchiz olunur. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində  iki və üç növbəli məktəblərin sayı azalır, müasir standartlara cavab verən  məktəblər yaradılır.  Bu da şagirdlərin  məktəb mühitində rahatlığını təmin edir, dərsin keyfiyyətini yaxşılaşdırır. Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə  ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

 

2019-2020-ci tədris ilində əsaslı təmir olunan təhsil ocaqlarından biri də Bakıdakı 39 nömrəli tam orta məktəbdir.  1957-ci ildə tikilən məktəb 650 şagird yerlikdir. Məktəb 28 sinif otağı, 3 laboratoriya, 3 informatika kabineti, akt və idman zalı,  kitabxana, tibb otağı, idman meydançası ilə təchiz olunub. Təhsil ocağının direktoru Tahirə Şükürova bildirir ki, müasir Azərbaycan gənci yeni və gözəl infrastruktura malik məktəbdə təhsil almalıdır: “Məktəbimiz 1957-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxtdan bu günə kimi heç bir əsaslı təmir işləri aparılmamışdır. Ona görə də bizim məktəbin dam örtüyü çox pis vəziyyətdə, sinif otaqları acınacaqlı şəraitdə idi. Baxmayaraq ki, biz müasir tələblərə uyğun təhsil verməyə çalışırdıq, amma bildiyiniz kimi, şərait yaxşı deyilsə, həmin keyfiyyəti almaq mümkün deyil. Bu gün bizim məktəbdə çox yüksək səviyyədə əsaslı təmir işləri gedir, müasir tələblərə cavab verən böyük işlər görülür. Təhsilə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığımızı bildiririk”.

 

İş icraçısı Ramiz Məmmədovun sözlərinə görə, 39 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir: “Bu məktəbdə divarlardan başqa qalan hər bir şey sökülüb, hamısı yenilənib. Arakəsmələr, tavan və döşəmələr, binanın dam örtüyü tamamən yenilənib. Məktəb binasında köhnə heç nə qalmayıb. Müasir istilik sistemi, elektrik, müşahidə kameralarının, internet  xətlərinin kabelləri yeniləri ilə əvəz olunub”.

 

Bakıdakı 101 nömrəli tam orta məktəb də  bu il əsaslı təmir olunan məktəblər sırasındadır. Bu məktəbdə də təmir işləri yüksək səviyyədə davam etdirilir. Direktor Səidə Məmmədova köhnə məktəbin acınacaqlı vəziyyətindən danışaraq yeni məktəb binasında işlərin sentyabrın 11-nə kimi yekunlaşacağını bildirdi: “Əsası 1937-ci ildə qoyulmuş bina həqiqətən çox ağır vəziyyətdə idi. Günün tələbinə cavab verməyən sinif otaqları, kitabxana, akt və idman zalı, fənn kabinetləri tədrisin keyfiyyətini aşağı salırdı. Bu gün çox sevinirik. Məktəb kollektivi ilə yanaşı, qəsəbə sakinləri də sevinir ki, arzuladığımız təhsil ocağında şagirdlərimiz təhsil ala biləcəklər. Bütün bunlara görə ölkə başçısına təşəkkür edirik”.   

 

İnşasına bu ilin  may ayından başlanılan 208 nömrəli tam orta məktəb sentyabrın 15-də öz qapılarını pedaqoji kollektivin və şagirdlərin üzünə açacaq. 1937-ci ildə tikilib istifadəyə verilən məktəb heç vaxt  əsaslı təmir olunmayıb.  Məktəbin direktoru Məlahət Əsədova diqqətə çatdırıb ki, bu məktəb binası sökülərək  yenidən müasir tələblərə cavab verən yüksək  səviyyədə  tikilib, artıq tamamlanma işləri aparılır. “208 nömrəli tam orta məktəb tarixi ənənəsi olan bir məktəbdir. Çox sevinirik ki, məktəbimiz üçün yeni bina artıq inşa edilib. Bu gözəl məktəbimiz 15 sinif otağı, akt və idman zalı, həyətdə geniş idman meydançası, geniş  və işıqlı  yeməkxana ilə təchiz olunub”.

 

Binəqədi rayonunda yerləşən 205 nömrəli tam orta məktəb də sökülərək yenidən tikilən təhsil müəssisələri sırasındadır. Məktəbin direktoru Xoşqədəm Bağırova bildirdi ki, 1930-cu ildə inşa edilən 205 nömrəli tam orta məktəb binası təmir olunmadığından uçulub yenidən tikilməsinə ehtiyac yaranmışdı. Məktəb binası təhsil alanlar üçün tam şəraitsiz vəziyyətdə idi: “Çox sevinirik ki, məktəbimiz yenidən inşa olunur. Yeni tikilən məktəbimizin 2020-ci tədris ilində istifadəyə verilməsi planlaşdırılır. Yeni məktəb binası iki korpusdan ibarətdir, 960 yerlik şagird üçün nəzərdə tutulub. Dördmərtəbəli məktəb binasında 40 sinif otağı şagirdlərin ixtiyarında olacaq. Bundan başqa, kimya, biologiya, fizika laboratoriya otaqları, fənn kabinetləri və s. otaqlar nəzərdə tutulub”.

 

Rəşad ZİYADOV



06.09.2019 | 14:28